Hazırda korporativ hüquq sahəsində mühüm dəyişikliklər paketi Azərbaycan Respublikasının Milli Məclisində üçüncü oxunuşdadır. Uzun müddətdir biznes, korporativ hüquq və birləşmələr və satınalmalar (M&A) təcrübəsində geniş istifadə olunan mühüm müddəalar artıq qanunvericiliyə daxil edilir. Mənim kimi bu sahədə aktiv fəaliyyət göstərən hüquqşünaslar, eləcə də maliyyə mütəxəssisləri üçün dəyişikliklər mühüm rol oynayır.
Hər nə qədər təklif olunan dəyişikliklər paketi qanunvericiliyə yeni salınacaq vençur fondların effektiv fəaliyyəti üçün nəzərdə tutulsa da, onların bir qismi Mülki Məcəllənin hüquqi şəxslər ilə bağlı ümumi müddəalar hissəsinə daxil edilir və mümkün olduğu hədd daxilində digər hüquqi şəxslərə münasibətdə də rahatlıqla istifadə oluna biləcək deyə düşünürəm.
Gözlənilən dəyişikliklər nələri əhatə edir?
1. İştirakçılar/səhmdarlar müqaviləsi (SHA), nəhayət ki, qanunvericiliyə daxil edilir
Layihə dəyişikliklərindəki ən əhəmiyyətli əlavələrdən biri Mülki Məcəlləyə əlavə edilən 65-1-ci maddədir. Bu maddə ilə ilk dəfə olaraq korporativ müqavilələrə qanunvericilikdə birbaşa əsas yaradır.
Belə ki, MMC-lərin iştirakçıları və ya SC-nin səhmdarları, eləcə də şirkətin özü notariat təsdiqi tələb olunmadan, korporativ hüquqların həyata keçirilmə qaydasını və şirkətin idarə edilməsini tənzimləyən yazılı müqavilə bağlaya biləcəklər.
Müqavilədə nələr tənzimlənəcək?
Bu maddəni xüsusi əhəmiyyətli edən odur ki, qanun artıq tərəflərə bir sıra mühüm məsələlərini müqavildə tənzimləmək imkanı verəcək. Bu məsələlərə aşağıdakılar daxildir:
- Ümumi yığıncaqlarda səsvermə qaydaları;
- Payların özgəninkiləşdirilməsi məhdudiyyətləri (o cümlədən üstünlük hüququ və payların alınması mexanizmləri);
- Müəyyən hədəflərə bağlı təsisçi paylarının tədricən yaranması (vesting) və hədəflərə çatılmadıqda geri alınması şərtləri;
- Mübahisələrin həlli və arbitraj şərtləri;
- Şirkətin idarə olunması ilə bağlı xüsusi əhəmiyyət kəsb edən (qorunan) məsələlərin siyahısı, bunlarla bağlı səsvermə və qərar qəbulu qaydaları;
- Şirkətin idarəetmə orqanlarına namizədlərin təyin edilməsi qaydaları;
- Şirkətə investisiya edilmiş vəsaitlərin xərclənmə istiqamətləri və məqsədləri, eləcə də onlar üzərində nəzarət;
- Müqavilə üzrə öhdəliklərin pozulması halları və nəticələri;
- Və digər şərtlər.
Öhdəliklərin icrasının təminatı
Qanun eyni zamanda birbaşa olaraq korporativ müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulları (dəbbə pulu, girov, zaminlik və s.) və belə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət müəyyən edilə bilər.
Tərəflər həmçinin müqavilənin pozulmasına görə dəymiş zərərin ödənilməsini, cərimələrin tətbiqini və ya öhdəliyin naturada icrasını tələb etmək hüququnu nəzərdə tuta bilərlər.
Fərqli səs, dividend və ləğvetmə hüquqları
Dəyişikliklərlə, həmçinin ləğvetmə və ya satış zamanı üstünlük hüququ (maddə 65-1.8.1), payın dəyərsizləşməsi əleyhinə düzəliş mexanizmləri (65-1.8.2), imtiyazlı paylardan adi paylara konvertasiya hüququ (65-1.8.4), fərqləndirilmiş səsvermə və idarəetmə orqanına namizəd təyin etmə hüquqları (65-1.8.6), və əhəmiyyətli qərarlar azlıqda olan iştirakçıların mənafelərinə təsir etdikdə onlara ədalətli bazar qiymətinə satış və ya zəmanətli kompensasiya tələb etmək imkanı verən azlıq hüquqlarının qorunması mexanizmləri (65-1.8.5) ilk dəfə təqdim olunur.
Tətbiq olan hüququnun seçilməsi
Tərəflərin qeydiyyatından asılı olmayaraq müqavilə üzrə mübahisələr üçün xarici hüquq seçilə bilər.
Nizamnamə və SHA arasında ziddiyət?
Korporativ müqavilə nizamnamə ilə ziddiyyət təşkil etdikdə, imzalayan tərəflər arasında müqavilənin müddəaları üstünlük təşkil edir. Bununla belə, şirkət və üçüncü şəxslərlə münasibətlərdə nizamnamə qüvvədə qalır.
2. Payların özgəninkiləşdirilməsi ilə bağlı xüsusi hüquqlar qanunvericiliyə daxil edilir
Mülki Məcəlləyə əlavə edilən 65-2-ci maddə ilə payların (səhmlərin) özgəninkiləşdirilməsi zamanı tətbiq oluna bilən üç mexanizm birbaşa qanunvericilikdə tənzimlənəcək.
Bu mexanizmlərə nələr daxildir?
- Birgə satış hüququ (tag-along): nizamnamə və ya korporativ müqavilə ilə müəyyən edilmiş həddən çox paya sahib iştirakçı öz payını üçüncü tərəfə satarkən, digər iştirakçıların da öz paylarını eyni şərtlərlə və eyni qiymətə həmin alıcıya satmaq hüququ. Satıcı iştirakçı bu barədə digərlərini məlumatlandırmalı və onların satışda iştirakını təmin etməlidir;
- Məcburi satış hüququ (drag-along): nizamnamə və ya korporativ müqavilə ilə müəyyən edilmiş həddən çox paya sahib iştirakçı bütün payların və ya nəzarət zərfinin üçüncü şəxsə satışı barədə razılığa gəldikdə, digər iştirakçıları öz paylarını eyni şərtlərlə və eyni qiymətə satmağa məcbur etmək hüququ;
- İlk imtina hüququ (right of first refusal): açıq səhmdar cəmiyyətləri istisna olmaqla, iştirakçı öz payını üçüncü şəxsə satmaq niyyətində olduqda, həmin payı ilk növbədə nizamnamə və ya korporativ müqavilə ilə müəyyən edilmiş kateqoriya iştirakçılara eyni şərtlərlə təklif etmək öhdəliyi. Bu, hazırda Mülki Məcəllədə tənzimlənsə də, ilk dəfə termin olaraq qanunvericiliyə daxil edilir.
İstənilən vaxt şirkətdən çıxmaq hüququ
Təklif olunan dəyişikliklər ilə MMC-nin iştirakçısı Mülki Məcəllə və şirkətin təsis sənədləri ilə nəzərdə tutulmuş qaydada digər iştirakçıların razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxmaq hüququna malik olacaq. Lakin bu, vençur kapitalı fondlarına dair istisna təşkil edə bilər.
3. Konvertasiya edilən maliyyə alətləri qanunvericiliyə daxil edilir
Mülki Məcəlləyə əlavə edilən maddələr ilə şirkətlərin gələcəkdə əvvəlcədən müəyyən edilmiş hallar baş verdikdə cəlb edilən vəsaitin paya (səhmə) çevrilməsini nəzərdə tutan maliyyə alətlərindən istifadə etməsi üçün ilk dəfə qanuni əsas yaradılır.
Qanun konvertasiya edilən maliyyə alətlərini aşağıdakı formalarda tanıyır:
- Konvertasiya edilən borc müqaviləsi (convertible note) – borc öhdəliyi yaradan alət;
- Gələcək iştirak payı (səhm) haqqında müqavilə – heç bir borc öhdəliyi, faiz və ya ödəmə müddəti yaratmayan alət. Bu bir növ SAFE-in (Simple Agreement for Future Equity) analoqu olaraq qanunvericiliyə daxil edilir.
Hər iki alət yazılı formada bağlanır, möhürlə təsdiqlənir və notariat qaydasında təsdiqi tələb olunmur. Bağlanması qiymətli kağızların emissiyası (kütləvi təklifi) sayılmır, konvertasiyaya qədər isə qiymətli kağız və ya törəmə maliyyə aləti hesab edilmir.
Konvertasiya edilən borc müqaviləsi necə işləyir?
Təklif olunan 404-3-cü maddəyə əsasən, investor cəmiyyətə borc verir və qaytarılma müddəti çatdıqda və ya kvalifikasiyalı maliyyələşmə mərhələsi baş verdikdə, borc (əsas məbləğ və faizlərlə birlikdə) qaytarılmaq əvəzinə paya çevrilir. İlkin investorun risklərini kompensasiya etmək üçün müqavilədə aşağıdakı qoruyucu mexanizmlərdən azı biri mütləq nəzərdə tutulmalıdır:
- Qiymətləndirmənin yuxarı həddi (valuation cap);
- Endirim dərəcəsi (discount rate).
Müqavilənin müddəti bitdikdə və konvertasiyanı şərtləndirən hadisə baş vermədikdə, investor öz seçimi ilə ya borcun faizlərlə birlikdə pulla qaytarılmasını, ya da əvvəlcədən razılaşdırılmış qiymətləndirmə əsasında paya çevrilməsini tələb edə bilər.
Gələcək iştirak payı haqqında müqavilə (SAFE) necə işləyir?
Təklif olunan 404-4-cü maddəyə əsasən, investor cəmiyyətə vəsait ödəyir və bunun müqabilində borc, faiz və ya ödəmə müddəti yaranmadan, gələcəkdə pay əldə etmək hüququ qazanır. Konvertasiya iki halda baş verir:
- Kvalifikasiyalı maliyyələşmə (yeni investorlara pay satışı ilə nizamnamə kapitalının artırılması); və ya
- Likvidlik hadisəsi (nəzarət zərfinin və ya bütün aktivlərin satışı, başqa hüquqi şəxsə qoşulma, ləğvetmə).
Konvertasiya zamanı investorun payının həcmi yuxarıda qeyd olunan konvertasiya edilən borc müqaviləsi üçün nəzərdə tutulan qiymətləndirmənin yuxarı həddi və (və ya) endirim dərəcəsi əsasında hesablanır; investor bu iki şərtdən özü üçün daha sərfəli olanını seçmək hüququna malikdir.
Ləğvetmə zamanı sıralama
Əgər likvidlik hadisəsi konvertasiyadan əvvəl baş verərsə, investorun ödəniş tələbi cəmiyyətin digər təminatsız kreditorlarının tələblərindən sonra, lakin təsisçilərə (iştirakçılara, səhmdarlara) qalıq əmlakın bölüşdürülməsindən əvvəl yerinə yetirilir.
4. İşçilərin pay (səhm) iştirakı planı (ESOP) qanunvericiliyə daxil edilir
Mülki Məcəlləyə əlavə edilən 404-5-ci maddə ilə şirkətlərin işçilərini və idarəetmə orqanının üzvlərini həvəsləndirmək məqsədilə pay (səhm) iştirakı planları (ESOP-un analoqu) tətbiq etməsi üçün ilk dəfə birbaşa qanuni əsas yaradılır.
Plan nə nəzərdə tutur?
Şirkət işçilərinə və idarəetmə orqanının üzvlərinə gələcəkdə əvvəlcədən müəyyən edilmiş qiymətə (icra qiyməti) və ya ödənişsiz əsaslarla pay (səhm) əldə etmək hüququ verən müqavilə bağlaya bilər. Müqavilə yazılı formada bağlanır, şirkətin möhürü ilə təsdiqlənir və notariat qaydasında təsdiqi tələb olunmur.
Bağlanmış müqavilələrin daxili reyestri aparılmalıdır.
Xüsusi pay fondu
Bu müqavilələrin icrası üçün şirkət nizamnamə kapitalının tərkibində səlahiyyət verilmiş, lakin buraxılmamış xüsusi pay (səhm) fondu yarada bilər.
5. Vençur kapitalı fondları üçün xüsusi tənzimləmə çərçivəsi yaradılır
“İnvestisiya fondları haqqında” Qanuna əlavə edilən yeni II-I fəsil ilə vençur kapitalı fondu ilk dəfə ayrıca institusional forma kimi tanınır və onun üçün xüsusi tənzimləmə rejimi müəyyən edilir.
Vençur kapitalı fondu nədir?
Yalnız peşəkar investorlardan cəlb edilmiş vəsaitin investisiya bəyannaməsinə uyğun investisiya edilməsi ilə məşğul olan fonddur. Vençur kapitalı fondu investorlardan cəlb olunmuş pul vəsaitlərinin yalnız rəqəmsal texnologiyaların və innovasiya məhsulunun hazırlanması, istehsalı və təkmilləşdirilməsini həyata keçirən, mikro, kiçik və orta sahibkarlıq subyekti olan, habelə Azərbaycan Respublikasında “Startap” şəhadətnaməsini və ya texnologiyalar parkının və texnoloji biznes inkubatorunun və ya sənaye və azad iqtisadi zonaların qeydiyyat şəhadətnaməsini alan sahibkarların innovativ layihələrinə bu Qanunla müəyyən edilmiş qaydada yatırılması ilə məşğul olur. Vəsaitin azı 70%-i bu məqsədlərə yönəldilməlidir.
Kim peşəkar investor sayılır?
- İnstitusional investorlar, dövlət adından yaradılan publik hüquqi şəxslər; və ya
- Akkreditə olunmuş investorlar — illik gəliri 150.000 manatdan çox olan fiziki şəxslər, xalis maliyyə aktivləri 500.000 manatdan çox olan fiziki şəxslər, xalis aktivləri 5.000.000 manatdan çox olan hüquqi şəxslər və s.
İki fəaliyyət rejimi
- Azad hesabatlı vençur kapitalı fondu — idarə etdiyi aktivlər 50 mln manatı və investor sayı 50-ni keçmirsə; lisenziya tələb olunmur, yalnız Mərkəzi Bankın reyestrində qeydiyyat kifayətdir;
- Lisenziyalaşdırılan vençur kapitalı fondu — yuxarıdakı hədləri aşan fondlar üçün məcburidir; Mərkəzi Bankdan lisenziya tələb olunur.
Hüquqi formalar
Fond MMC, QSC, kommandit ortaqlığı və ya qapalı paylı investisiya fondu formasında yaradıla bilər. MMC forması yalnız azad hesabatlı rejimdə fəaliyyət göstərə bilər.
Hər formanın iştirakçı sayı, idarəetmə (ümumi yığıncaq/tam ortaqlar) və kapital öhdəlikləri baxımından spesifik qaydaları müəyyən olunur.
Digər əsas məhdudiyyətlər
- Borclanma: azad hesabatlı fond üçün kapital öhdəliklərinin 30%-i (12 ayadək), lisenziyalaşdırılan fond üçün aktivlərin 10%-i (3 ayadək);
- İdarəçi fondda öz vəsaiti ilə azı 1-5% iştirak etməlidir;
- Hesabatlılıq: illik/yarımillik hesabatlar Mərkəzi Banka, rüblük/illik hesabatlar investorlara təqdim edilir.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi təklif olunan dəyişikliklər paketi hər nə qədər qanunvericiliyə yeni salınacaq vençur fondların effektiv fəaliyyəti üçün nəzərdə tutulsa da, onların bir qismi Mülki Məcəllənin ümumi müddəalar hissəsinə daxil edilir və mümkün olduğu hədd daxilində digər hüquqi şəxslərə münasibətdə də rahatlıqla istifadə oluna biləcəkdir.
Qeyd etmək lazımdır ki, hazırda dəyişikliklər layihədir və yekun təsdiq olunacaq versiyada fərqli müddəalar nəzərdə tutula bilər. Əlavə olaraq bir sıra məqamlar üzrə müvafiq qurumlar tərəfindən (məsələn, Mərkəzi Bank və s.) xüsusi qaydalar işlənib hazırlanmalıdır.
Leave a Reply