Korporativ İdarəetmə 101 – Yazı 2: Müşahidə (Direktorlar) Şurası
Bloqda budəfəki yazı korporativ idarəetmə üzrə silsilə yazılardan ikincisidir. İlk yazıya buradan nəzər yetirə bilərsiniz.
Yazıya başlamazdan əvvəl kiçik bir haşiyə çıxaraq qeyd edim ki, korporativ idarəetməyə dair silsilə yazılar, eləcə də hazırkı yazı təcrübədə geniş yayıldığını nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlərdə (“MMC”) və səhmdar cəmiyyətlərdə (“SC”) mövcud olan idarəetmə orqanlarını əhatə edir. Bununla belə, fəaliyyət sahəsinə görə xüsusi tənzimlənən hüquqi şəxslər – banklar, bank olmayan təşkilatlar, sığorta təşkilatları və s. bu yazının müzakirə mövzusu deyil.
Eyni zamanda yazı boyunca oxucu üçün rahatlıq yaratmaq məqsədilə Müşahidə (Direktorlar) Şurasına “MŞ” olaraq müraciət olunacaq.
Kimdir və ya nədir bu MŞ?
Azərbaycan Resublikasının Mülki Məcəlləsinin (“Mülki Məcəllə”) dili ilə desək, MŞ hüquqi şəxslərdə Ümumi Yığıncağın (“ÜY”) iclasları arasındakı dövrdə icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir.[1] İlk dəfə MŞ ilə rastlaşan hüquq tələbələri və ya hüquqşünaslar üçün anlayış bir o qədər sadə görünməyə bilər.
Daha asan dildə izah etməyə çalışaq. Hüquqi şəxsdə ÜY hər zaman bütöv maliyyə ili boyunca hüquqi şəxsin idarə olunmasına nəzarəti həyata keçirməyə bilər. Belə ki, hüquqi şəxsin nizamnaməsində ÜY-in iclaslarının çağırılma müddətləri müəyyən olunur və bir qayda olaraq ÜY həmin müddətlərdən az olmayaraq toplanır. Təbii ki, bu, ÜY-in daha da sıx toplanmasını istisna etmir. Lakin daha operativ idarəetməni və nəzarəti həyata keçirə bilmək üçün ÜY digər dövrlərdə bir növ aktivlik üçün MŞ-i yaradır. MŞ-in əsas funksiyası hüquqi şəxsin icra orqanının[2] üzərində nəzarəti həyata keçirməkdir. Bununla belə bu funksiya yalnız nəzarət ilə məhdudlaşmır.
MŞ necə yaradılır?
Ümumiyyətlə, MŞ hüquqi şəxsin idarəetmə strukturunda mövcudluğu məcburi orqan deyil. Bununla belə, hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulduğu halda ÜY tərəfindən MŞ yaradılır. Bundan əlavə, ictimai əhəmiyyətli qurumlarda,[3] eləcə də səhmdarlarının sayı əllidən çox olan cəmiyyətlərdə[4] MŞ-in yaradılması məcburidir.
Azərbaycan Respublikasında MŞ idarəetmə orqanı kimi müvafiq qeydiyyat orqanında – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınır.
Yaradıldı, bəs sonra?
Hüquqi şəxsin MŞ-i yaradıldıqdan və dövlət qeydiyyatına alındıqdan sonra öz səlahiyyətləri daxilində fəaliyyətə başlayır. Ümumilikdə, MŞ-in üzvlərinə dair tələblər, onların səlahiyyətləri, iclaslarının keçirilmə qaydası və s. kimi məsələlər hüquqi şəxsin nizamnaməsində və bir sıra hallarda, MŞ-in əsasnaməsində[5] öz əksini tapır.
ÜY-də olduğu kimi MŞ-in müstəsna səlahiyyətləri qanunla müəyyən olunmur. Bu baxımdan, daha operativ idarəetmənin təmin olunması üçün ÜY və MŞ, eləcə də icra orqanı arasında səlahiyyət bölgüsünün detallı aparılmasında fayda var.
MŞ-in üzvləri
MŞ-in üzvlərinin sayı hüquqi şəxsin nizamnaməsində müəyyən olunur. MŞ-in üzvləri ÜY qərarı ilə vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar. Üzvlərin arasından bir şəxs MŞ-in sədri müəyyən olunur. Sədr və üzvlərin şəxsiyyətini təsdiq edən sənədlər dövlət qeydiyyat orqanında qeydiyyata alınır.
MŞ icra orqanının fəaliyyətinə nəzarət məqsədilə yaradıldığı üçün təbii olaraq icra orqanı (istər təkbaşçı, istərsə də kollegial), eləcə də bu funksiyanı həyata keçirən kənar idarəçi MŞ-in üzvü ola bilməz.
MMC-də MŞ üzvlərinin səlahiyyət müddətinə dair xüsusi bir tələb yoxdur və bu, bir qayda olaraq hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilir. SC-də isə qanun bu müddəti üç il olaraq müəyyən edir.[6]
Bəs MŞ-in üzvləri ilə hüquqi şəxs arasında münasibətlər necə tənzimlənir?
Təcrübədə ən çox müzakirə olunan məqamlardan biri də MŞ-in üzvləri ilə hüquqi şəxs arasındakı münasibətlərin hansı əsasda tənzimlənməsidir. Mahiyyət etibarilə MŞ-in üzvləri hüquqi şəxs üçün “iş görür” və belə fəaliyyət hüquqi şəxs qarşısında xidmət yoxsa əmək hesab olunmalıdır? Yaxud da bu cür təsnifata ehtiyac varmı?
Bu məsələ ilə bağlı istər nəzəriyyədə, istərsə də təcrübədə kifayət qədər fikir ayrılıqları mövcuddur. Bir qrup hüquqşünaslar MŞ-in üzvləri ilə hüquqi şəxs arasında olan münasibətləri əmək münasibətləri hesab edir və müvafiq olaraq onlarla əmək müqaviləsinin bağlanmasına tərəfdar çıxırlar. Digər qrup hüquqşünaslar onlarla mülki-hüquqi xarakterli müqavilələrin imzalanmasını daha uyğun hesab edirlər. Eyni zamanda heç bir müqavilə imzalanmadan bütün münasibətlərin ÜY qərarı əsasında tənzimlənməli olduğunu dəstəkləyən hüquqşünaslar da kifayət qədərdir.
Belə münasibətləri əmək münasibətləri hesab etmək həm münasibətlərin mahiyyətinə, həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunan tələblərə uyğun gəlmir. Doğrudur, bundan bir neçə il əvvəl mövcud olan əmək qanunvericiliyinin tələblərinə diqqət yetirsəydik, bəlkə də, bu münasibətləri necəsə əmək münasibətləri olaraq düşünmək olardı. Lakin son dövrlərdə əmək qanunvericiliyində olan dəyişikliklər, eləcə də yuxarıda qeyd etdiyim kimi münasibətlərin mahiyyəti bunu hazırda istisna edir.
Mülki-hüquqi münasibətlərə gəldikdə isə burada bir qədər ikili yanaşmaya malikəm. Hər nə qədər MŞ-in üzvləri ilə hüquqi şəxs arasındakı münasibətlər ilkin mərhələdə müqavilədən asılı olmayaraq yaransa da (misal olaraq, ÜY qərarı, nizamnamədə müddəalar və s.), bu, bir növ mülki münasibətlərin formalaşması baxımından ideal görünməyə bilər. Bununla belə, düşünürəm ki, sonrakı mərhələdə bu münasibətlərin daha effektiv tənzimlənməsini təmin etmək üçün mülki-hüquqi xarakterli müqavilələrin imzalanması daha səmərəli variant kimi görünə bilər.
Təbii ki, yazılı müqavilənin mövcudluğu heç də qanunvericilikdən irəli gələn bir tələb deyil. MŞ-in üzvləri ilə münasibətlərin tənzimlənməsi, habelə onlara müvafiq haqqın ödənilməsi ÜY qərarı əsasında da həyata keçirilə bilər və yazılı müqavilənin mövcudluğu ilə şərtlənmir. “Sözsüz, yazılı müqavilə olduqda ödənilən mükafatı əsaslandırmaq və və məhsulun maya dəyərinə aid etmək daha asandır. Lakin, yazılı müqavilə olmadıqda, qeyd olunan xərcləri, ÜY-in müvafiq qərarı ilə əsaslandırmaq mümkündür.”[7]
MŞ-in iclasları və səsvermə
Yuxarıda qeyd olunduğu kimi MŞ-in iclaslarının çağırılma qaydası hüquqi şəxsin nizamnaməsində və mövcud olduğu halda, MŞ-in əsasnaməsində müəyyən olunur. Bununla belə, Mülki Məcəllə minimum tələblər də müəyyən edir. Belə ki, istər MMC-də, istərsə də SC-də MŞ-in iclasları onun sədri tərəfindən üç ayda bir dəfədən az olmayaraq çağırılır.[8] MŞ-in iclasları hüquqi şəxsin təftiş komissiyasının və ya müffətişinin, icra orqanının, MŞ-in üzvlərinin, habelə nizamnamə ilə müəyyən olunan digər şəxslərin tələbləri ilə də çağırıla bilər.
Təcrübədə MŞ-in iclasları həm fiziki, həm onlayn, həm də hibrid formada keçirildiyinin şahidi olmaq mümkündür. Təbii ki, iclasların keçirilməsinə dair tələblər xüsusi olaraq hüquqi şəxsin nizamnaməsində və/və ya MŞ-in əsasnaməsində müəyyən olunmalıdır.
MŞ-in iclaslarında hər bir üzv bir səsə malikdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda MŞ-in sədrinin səsi həll edici hesab edilir.[9]
Hər bir MŞ iclasına dair protokol tərtib olunur.
MŞ-in üzvlərinin fidusiar öhdəlikləri
Hər nə qədər fidusiar öhdəliklər daha çox hüquqi şəxsin icra orqanlarına aid olsa da, təkmilləşməkdə olan korporativ idarəetmə standartları MŞ-in üzlərinin də fidusiar öhdəliklərə malik olduğunu deməyə əsas verir. Mülki Məcəllə də bu yanaşmanı təsdiqləyir.
Mülki Məcəllənin 49.4-cü maddəsi hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan şəxslərin hüquqi şəxsə və ya onun iştirakçısına/səhmdarına dəyən zərər üçün məsuliyyət daşıdığı halları müəyyən edir. Həmi hallar sırasına aşağıdakılar aiddir:
- hüquqi şəxs zərərlə işlədiyi halda və ya onun mənfəətinə qeyri-mütənasib həcmdə idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;
- hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;
- hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;
- hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;
- özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;
- iştirakçılara/səhmdarlara münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.
Bundan əlavə Mülki Məcəlləyə əsasən MŞ-in üzvü hüquqi şəxsə vurulmuş zərərə görə ÜY-in qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə MŞ-in üzvünün inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.[10]
Göründüyü kimi yuxarıda qeyd olunan məqamlar əsas etibarilə hüquqi şəxsin və ən sonda hüquqi şəxsin iştirakçısının/səhmdarının marağını qorumaq məqsədi daşıyır. Düzdür, hər nə qədər hüquqi şəxs və iştirakçı/səhmdar marağı bizim kimi kontinetal hüquq sistemli ölkələrdə vahid xarakter daşısa da, ingilis-amerikan hüquq sistemli ölkələrdə bunlar arasındakı fərq daha aşkar görünür.[11]
Digər maraqlı məqamlar
Müşahidə Şurası ilə bağlı tənzimləmələr yalnız nizamnamə və ya əsasnamə ilə məhdudlaşmır. Xüsusilə M&A əməliyyatları və investisiya layihələri zamanı investorlar MŞ-in formalaşdırılması, üzvlərin təyinatı və xüsusi qərarvermə səlahiyyətlərinin (məsələn, veto hüquqları və s.) iştirakçılar və ya səhmdarlar müqaviləsində əks olunmasında maraqlı olurlar. Bu, tərəflər arasında daha çevik və effektiv razılaşmaların əldə edilməsinə imkan verir. Lakin hüquqi tamlığı təmin etmək və bu razılaşmaların üçüncü tərəflər qarşısında icra oluna bilməsini reallaşdırmaq üçün həmin müddəaların sonradan hüquqi şəxsin nizamnaməsinə inkorporasiya edilməsi əhəmiyyətlidir.
Bundan əlavə, təcrübədə MŞ-in səlahiyyətlərinin digər qurumlar və ya banklar tərəfindən yanlış şərh edilməsi hallarına tez-tez rast gəlinir. Məsələn, nizamnamə ilə dəyəri 500,000 AZN-dən yuxarı olan müqavilələrin təsdiqi MŞ-in səlahiyyətinə aid edilsə də, üçüncü tərəflər (məsələn, banklar) əməliyyat üçün əlavə olaraq ÜY-nin qərarını tələb edə bilirlər. Korporativ idarəetmə prinsipləri baxımından bu tələb hüquqi əsassız olsa da, praktikada biznes əməliyyatlarının müddətini lüzumsuz yerə uzadır və effektivliyə mane olur.
Yuxarıda qeyd olunanları ümumiləşdirsək, rahatlıqla demək mümkündür ki, MŞ artıq Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər üçün sadəcə nizamnamədə adı keçən formal bir idarəetmə orqanı deyil. Müasir biznes ekosistemi, xüsusilə dərinləşən investisiya münasibətləri və M&A əməliyyatları MŞ-in effektiv korporativ idarəetməni, şəffaflığı və hesabatlılığı təmin edən mühüm bir qurum kimi rolunu ön plana çıxarır. Nəticə etibarilə, MŞ-in səlahiyyətlərinin düzgün tənzimlənməsi, üzvlərin fidusiar öhdəliklərinin dərk edilməsi hüquqi şəxsin uğurlu fəaliyyəti üçün fundamentaldır.
Bu silsilə üzrə növbəti yazıda hüquqi şəxsin icra orqanından bəhs edəcəyəm.
[1] Baxın: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91-1.1-ci və 107-7.1-ci maddələri.
[2] Yəni direktorunun, baş icraçı direktorunun, idarə heyətinin və ya oxşar səlahiyyətə malik digər vəzifəli şəxsin. Daha ətraflı bu silsilə üzrə üçüncü yazıda müzakirə olunacaq.
[3] Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-ci və 107.3-cü maddələri. İctimai əhəmiyyətli qurumların siyahısı “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 338 nömrəli, 1 sentyabr 2016-cı il tarixli Qərarı ilə müəyyən olunmuşdur.
[4] Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.3-cü maddəsi.
[5] Müşahidə Şurasının əsasnaməsinin mövcudluğu qanunla tələb olunmur. Bununla belə, bəzi böyük şirkətlərdə və ya daha mürəkkəb korporativ idarəetmə strukturuna malik hüquqi şəxslərdə Müşahidə Şurası ilə bağlı məqamlar nizamnamə ilə birlikdə MŞ-in əsasnaməsində də müəyyən olunur. Müşahidə Şurasının nümunəvi əsasnaməsinə buradan (https://economy.gov.az/storage/files/files/778/Axn57NUuzqLMf9Ht5JAzn26yvhXjh4QJ1u8kd0Uy.pdf) nəzər yetirə bilərsiniz.
[6] Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-7.4-cü maddəsi.
[7] Emin Kərimov, Direktorlar şurasının üzvləri ilə münasibətlər. Əmək və ya mülki?, https://lawblog.az/blog/2017/11/16/direktorlar-surasinin-uzvleri-ile-munasibetler-emek-ve-ya-mulki/ (son dəfə ziyarət olunub: 4 aprel 2026-cı il tarixində).
[8] Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91-1.4-cü və 107-9.1-ci maddələri.
[9] Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91-1.5-ci və 107-9.2-ci maddələri.
[10] Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.5-ci maddəsi.
[11] Misal üçün, ingilis-amerikan hüquq sistemində iştirakçı/səhmdar marağını daha yaxşı anlamaq üçün Dodge v. Ford Motor Co., 204 Mich. 459, 170 N.W. 668 (1919) işinə nəzər yetirə bilərsiniz.
Leave a comment