Son günlər magistratura təhsilimin növbəti semestri üçün dərslərimi planlaşdırıram. Siyahımın çoxu artıq hazır olsa da, bəzi fənlər məni tərəddüdə salır – ona görə yox ki, əhəmiyyətsizdir, sadəcə düşünürəm: “Bu sahə mənə, doğrudan da, maraqlı olacaqmı?” Bu fənlərdən biri Müflisləşmə və Restrukturizasiyadır.
Niyə yazı bu əhvalat ilə başlayır?
Bu gün Amerikadakı məşhur hüquq şirkətlərindən birinin universitetdə təşkil olunan Müflisləşmə və Restrukturizasiya ilə bağlı panel müzakirəsində iştirak etmək imkanım oldu və əmin oldum ki, “bu sahə mənlik deyil”. Nəticədə, tərəddüd etdiyim fənlərdən biri barədə qərara gələ bildim.
Magistr təhsilim ərzində rast gəldiyim maraqlı məqamlardan biri də budur. Demək olar ki, hər həftə[1] müxtəlif hüquq şirkətlərinin, şirkətlərin, dövlət qurumlarının hüquq komandaları universitetdə panel müzakirələr, vörkşoplar, seminarlar təşkil edir. Bir çox hallarda bu cür tədbirlər spesifik xarakterdə olur – məsələn, hüquq şirkətinin sırf müəyyən bir sənaye sahəsi üzrə birləşmələr və satınalmalar (M&A) komandası və ya spesifik bir layihədə iştirak edən komandası bu tədbirlərin əsas təqdimatçısı olur.
Bu, niyə əhəmiyyətlidir?
Bakalavr təhsilində əksər hüquq tələbəsi – bura mən də daxil idim – nə istədiyini bilmir. Bir hüquq tələbəsi çox vaxt karyerasını hansı hüquq sahəsi üzrə quracağından, hansı sahədə – dövlət və ya özəl sahədə çalışacağından, yaxud da hüquq mühafizə orqanlarından fəaliyyət göstərmək istədiyindən əmin deyil. “Hansı hüquq sahəsi mənlikdir?” sualı illərlə tələbənin beynini məşğul edir. Bəzən cavabı sadəcə “ən maraqlı dərsi tədris edən müəllim”, bəzən “asan keçilən imtahan” müəyyənləşdirir.
Təbii ki, orta məktəbdən birbaşa bakalavr həyatına atılan tələbə üçün bu qədər seçim arasında istiqamət tapmaq çox çətindir. Hüquq tələbəsi sözün əsl mənasında “yıxıla-dura” özünü hansı hüquq sahəsində “gördüyünü”, gec də olsa, tapacaq. Əslində, məsələ tələbədən çox, onu istiqamətləndirəcək sistemdədir.
Problemin qısa izahı
İzahın uğurlu alınması üçün bir nümunə üzərindən irəliləməkdə fayda var. Təsəvvür edin: Arif adlı üçüncü kurs tələbəsi var. Özəl sektorda işləmək istəyir, amma hansı hüquq sahəsində daha uğurlu ola biləcəyini bilmir. Yay təcrübələrinə gedir, fərqli şirkətləri yoxlayır, amma hələ də “öz sahəsini” tapmayıb. Nəhayət, məzun olur və ilk təklif aldığı şirkətdə işləməyə başlayır.
Problem nədir? Arifin seçimi onun maraqlarından çox, təsadüflərdən formalaşmış oldu.
İndi fərz edək ki, təhsil aldığı universitet tələbləri üçün ayda bir dəfə müxtəlif hüquq şirkətlərinin, dövlət orqanlarının hüquq komandaları ilə görüş imkanı yaradır. Sadəcə “karyera yarmarkası” deyil, real hüquq təcrübəsi olan insanların təcrübələri və məlumatları. Arif hər sahəni “görür”, suallar verir, müxtəlif sahələrin işləmə prinsipini başa düşür və nəticədə düzgün qərara özü gəlir.
Belə tədbirlərsiz bu qərar mümkün deyil?
Təbii ki, mümkündür. Universitetdən kənarda kifayət qədər tədbirlər təşkil olunur və tələbələr də həmin tədbirlərdə iştirak edirlər. Amma burada qabartmaq istədiyim məsələ başqadır – tələbənin subyektiv cəhdləri nəticəsində yox, universitetin yaratdığı şərait nəticəsində hüquq tələbəsi bu qərarı verə bilirmi? Ya da daha dərinə düşsək: universitet bu şəraiti yarada bilirmi?
Problemin səbəbləri
Burada uzun bir siyahı qeyd etmək mümkündür. Amma ümumiləşdirmə aparsaq, ən mühüm üç səbəbi göstərmək olar:
1. Belə bir ənənənin olmaması. Səbəblərdən biri ondan ibarətdir ki, bizdə belə müzakirə və panel ənənəsi hələ tam formalaşmayıb, tələbə öz yolunu çox vaxt “qapalı otaqda” tapmağa çalışır. Təəssüf ki, Azərbaycanda hüquq fakültələrinin çoxunda bu tip təcrübə əlaqəsi və interaktiv mühit azdır. Tələbə çox vaxt kitabdan öyrəndiyi nəzəriyyə ilə məzun olur, amma onu hara və necə tətbiq edəcəyini bilmir.
2. Şirkətlərin maraq göstərməməsi. Hüquq firmaları və şirkətlərin özləri də bu məsələdə daha aktiv rol oynaya bilərlər. Təəssüf ki, çox zaman bu təşəbbüslər onlara cəlbedici görünmür. Bunun bir neçə səbəbi var: bazarın kiçik olması, potensial işçi sayının çoxluğu, bu cür tədbirlərin resurs və vaxt itkisi kimi dəyərləndirilməsi və s.
Ancaq paradoks ondadır ki, eyni şirkətlər bir neçə il sonra eyni şikayəti səsləndirirlər: “yaxşı hüquqşünas tapmaq çətindir.” Əslində məsələ elə buradadır – yaxşı hüquqşünas tapmaq çətindir, çünki onu yetişdirmək prosesində sistematik iştirak yoxdur. Tələbə ilə bazar arasında körpü qurulmadıqca, o “yaxşı hüquqşünas” sadəcə təsadüfən yetişir.
3. Universitetin maraqlı olmaması. Qeyd olunan aktivlik eyni zamanda universitet səviyyəsində də maraqlı olmalıdır. Bəzən belə maraq universitetdə fəaliyyət göstərən tələbə təşkilatları, bəzən də universitet rəhbərliyi səviyyəsində yaradıla bilər.
Problemin həlli barədə ən sadə təkliflər
Hüquq təhsilinin daha praktik və məqsədyönlü olması üçün həm universitetlər, həm də bazar iştirakçıları arasında real əməkdaşlıq mexanizmlərinə ehtiyac var. Aşağıdakı istiqamətlər bu boşluğu doldura bilər:
- Təcrübə proqramlarının təkmilləşdirilməsi. Mövcud təcrübə proqramları əksər universitetlərdə səmərəli deyil. Bu mövzu digər bir yazıda ətraflı müzakirə olunacaq.
- Universitet–bazar əməkdaşlığının institusionallaşdırılması. Yuxarıda qeyd olunan tədbirlərin təşkili bunun bir hissəsidir. Bu cür əməkdaşlıq çərçivəsində kifayət qədər əhəmiyyətli tədbirlər görmək mümkündür.
- Karyera mərkəzlərinin yaradılması və ya mövcud mərkəzlərin funksionallığının artırılması. Universitet nəzdində karyera mərkəzlərinin olması tələbələrin peşəkar həyata keçidinə dəstək ola bilər. Ən sadə sualdan – “CV necə hazırlanmalıdır? – ən mürəkkəbinə qədər yarana biləcək bütün suallar karyera mərkəzlərində cavablandırıla bilər.
- Hüquq şirkətləri və dövlət qurumları üçün sosial məsuliyyət. Bu cür tədbirlərə “resurs itkisi” kimi baxmaq əvəzinə, şirkətlər bunu gənc hüquq nəsli üçün investisiya kimi görməlidirlər. Panellərdə, seminarlarda iştirak həm peşəkar reputasiyanı artırır, həm də gələcək işçi potensialını formalaşdırır.
- Hüquq laboratoriyalarının/klinikalarının (legal clinics) yaradılması və ya təkmilləşdirilməsi. Tələbələr bu klinikalarda real hüquqi problemlərin həlli ilə məşğul ola, kiçik layihələrdə işləyə bilərlər. Bu model hazırda ABŞ və Avropanın bir çox universitetində uğurla tətbiq olunur və tələbəyə həm məsuliyyət, həm də bacarıq qazandırır. Bizdə nə dərəcədə mövcud klinikalar effektivdir? Cavabı sizə buraxıram.
Qeyd edim ki, bəzi universitetlər bu istiqamətdə addımlar atmağa çalışır – karyera mərkəzləri yaradır, məhdud da olsa, şirkətlərlə əlaqələr qurur, tələbələr üçün praktik yönümlü tədbirlər təşkil edir. Ancaq bu təşəbbüslər çox vaxt sistemli olmur və davamlı xarakter daşımır.
Bütün bunlar əslində tək bir məqsədə xidmət edir – hüquq tələbəsinin özünü və potensialını daha tez və daha düzgün tanıması. Çünki hüquq fakültəsi sadəcə hüquq öyrədən yer deyil, hüquqi düşüncə tərzini formalaşdıran bir mühit olmalıdır. Tələbə yalnız kitabdan deyil, real insanlardan, real işlərdən və real təcrübədən öyrənəndə hüquq onun üçün daha təsvirli olur. Bəzən bir panel, bir söhbət, bir təcrübə tələbəyə illərlə oxuduğu nəzəriyyədən daha çox şey öyrədə bilir.
[1] Belə tədbirlər bəzən həftədə bir neçə dəfə baş tutur.
Leave a comment