The Lawyer's Notes: a Law Blog by Kanan Madatli

Notes from a corporate lawyer

Öyrənməyin həyəcanı: hüquq təhsilində itirdiyimiz hiss

Son üç ildə hüquq üzrə bloq yazılarına fasilə versəm də, hüquq praktikası, dostlarla müzakirələr və hazırkı magistr təhsilimin verdiyi cəsarət məni yenidən yazmağa vadar etdi. Həm də beş il əvvəlki bloqumu “dirçəldərək”.

Mövzu olaraq haradan başlamaq lazımdır deyə çox düşündüm. Əvvəllər olduğu kimi hüquqa dair hər mövzudan hissə-hissə deyil, konkret bir hüquq sahəsi – bu kontekstdə daha çox korporativ hüquq və M&A və hüquqa təsir edən sosial məqamlar[1] üzrə mövzuları əhatə edən yazılara daha çox yer verəcəyəm.

Bu yazı nə haqqındadır?

Daha dərinə ensək, bu bloqa qayıtmağımda bir il əvvəl Nicat Rəsulzadənin hüquq təhsili ilə bağlı yazıları da böyük rol oynadı. Bu yazı isə həmin yazılarda qeyd olunan müzakirələrə deyil, magistr təhsilim zamanı gördüyüm fərqli hüquq təhsili modelinə həsr olunub. Bununla belə Azərbaycanda hüquq təhsilinin tarixi, hüquq təhsilindəki cari trendlər və problemlər ilə bağlı Nicat Rəsulzadənin qeyd olunan yazılarına nəzər yetirməkdə fayda var.

Nəyi səhv edirik?

Hüquq fakültəsində bir çoxumuz dərsə “müəllim bu gün nə öyrədəcək?” sualı ilə yox, “bu, imtahanda düşəcək?” düşüncəsi ilə başlayırıq.

İllər əvvəl izlədiyim bir filmdə bir səhnədə[2] belə bir ifadə var idi (təqribi xatırladığım qədərilə): “Bu sual soruşulanda hansınızsa yeni bir şey öyrənəcəksiniz deyə həyəcanlandınızmı? Təbii ki, xeyr, hamınız bir an öncə bir-birinizlə yarışmağa başladınız.”

Əslində bütün məsələ də bu sual ilə başlayır – biz hüquq təhsili alarkən nə isə öyrənəcəyik deyə həyəcanlanırıqmı? Əmin deyiləm, bakalavr təhsilimi düşünürəm, məcburi fənlər, bir çox qeyri-peşəkar professor, əlaqəsiz fənlər üzrə əlaqəsiz müəllimlər, semestrin böyük bir qismində əsas konseptə yaxın gələ bilməmək və bu kimi bir çox amil. Təbii ki, burada bütün yükü birmənalı olaraq təhsilə yıxmaq olmaz, təhsil almaq istəməyən tələbələr də kifayət qədərdir. Yarı ordan, yarı burdan birləşəndə heç də yaxşı bir mənzərə formalaşmır.

Niyə yeni bir şey öyrənəcəyik deyə həyəcanlana bilmirik?

Sualın cavabı fərddən asılı olaraq dəyişə bilər: qiymət yarışı, “kəsilmə” qorxusu, dərslərin keyfiyyəti, ya da bir nöqtədən sonra heç nə öyrənə bilməyəcəyini anlayıb motivasiyanın itməsi. Siyahını uzatmaq mümkündür. Əslində bu səbəblərin ortaq nöqtəsi birdir – biz öyrənmə prosesini nəticə ilə ölçürük, prosesi isə çox vaxt görmürük. Burada xüsusilə qeyd etmək istəyirəm ki, istər tələbələr, istərsə də müəllimlər baxımından istisnalar mövcuddur və bakalavr həyatında iz qoymaq üçün kifayət edə bilər.

Təbii ki, bu, məsələnin yalnız bir tərəfidir, problem təkcə fərdi deyil, sistemlidir. Amma fərqi başa düşmək üçün qısa izah etsəm, magistr təhsilim üçün hər semestr üzrə götürəcəyim dərsləri seçərkən həmin dərslər barədə etdiyim qısa araşdırmanın – kim tədris edir, nə öyrədilir, necə öyrədilir və s., məndə yaratdığı həyəcan hissini sözlə ifadə etmək mümkün deyil. Yanlış anlaşılmasın, burada Amerikan hüquq təhsilinin daha yaxşı və ya pis olmasını, yaxud da “bu hüquq sisteminin Azərbaycan hüquq sisteminin bütün problemlərinə əlac olacağını”[3] iddia etmirəm. Burada əsas məqsəd tələbədə yeni bir şey öyrənmək üçün həyəcan hissini yarada bilməkdir.

Əgər öyrənmək həyəcan yox, stress yaradırsa, deməli haradasa səhv var.

Fərq nədədir?

Bəzən fərqi hiss etmək üçün kənara çıxmaq və problemə kənardan nəzər yetirmək lazımdır. Mənim üçün bu fərq magistr təhsilimin ilk dərslərində üzə çıxdı – bir mövzunu öyrənməyə başlamazdan öncə onun necə və niyə öyrədiləcəyinin izahı, müəllimin tələbədən gözləntilərini açıq şəkildə bildirməsi və ən əsası – “öyrənməyin özü üçün öyrənmək” atmosferi.

Dərs zamanı professorun bir mövzu üzrə soruşduğu suala konkret cavab vermək əvəzinə “sən olsaydın nə edərdin?” sualını yönəltməsi tələbəni düşünməyə məcbur edir. Biz çox vaxt bu suala “öz fikrimizi izah etmək” üçün deyil, “kitabdakı cavabı vermək” üçün yarışırıq. Çünki kitabdakı cavabı verərək “düzgün” cavab verdiyimizi düşünürük. Bunun dolayı nəticəsini isə heç kim dərk etmir: “səhv” cavab verən tələbə növbəti suallara cavab vermək istəmir, versə belə kitabdakını təkrarlamağa çalışır. Belə olduqda tələbə fikrini əsaslandırmaqdan qorxur, çünki “səhv” cavab vermək reputasiya itkisi kimi qəbul olunur. Bu isə zamanla tələbəni analiz etməyə deyil, susmağa öyrədir. Tələbə səhv cavab verməkdən qorxduqca, müzakirələr monotonlaşır, dərs bir növ “monoloqa” çevrilir. Ki, bakalavrda bir çox dərs bu cür “monoloq” idi.

Burada isə fərq ondadır ki, müəllim “doğru cavab” axtarmır, tələbənin düşüncə prosesini görmək istəyir. Sualın məqsədi cavabı yox, düşünməyi öyrətməkdir. Məhz akademik mühitdə geniş tətbiq olunan Sokrat metodu bunu hədəfləyir. Professor tələbəni suallar vasitəsilə düşünməyə, arqumentlərini əsaslandırmağa və hüquqi nəticəyə öz düşüncəsi ilə gəlməyə təşviq edir. Bu zaman müəllim “doğru cavabı” yox, tələbənin düşüncə prosesini görmək istəyir. Hər tələbənin fərqli cavabı olur, amma əsas olan cavabın arxasındakı məntiqdir.

Bəs tələbə müzakirədə könüllü iştirak etməkdən çəkinərsə?

Bu metodun maraqlı tərəflərindən biri də “cold-calling” adlanan yanaşmadır. Bu zaman professor müzakirə zamanı heç bir xəbərdarlıq etmədən təsadüfi bir tələbədən suala cavab istəyir. İlk baxışda bu, tələbə üçün gərgin görünə bilər. Amma əslində məqsəd onu hazırlıqlı olmağa, hər dərsdə aktiv iştirak etməyə və düşüncələrini formalaşdırmağa təşviq etməkdir. Cold-calling təkcə cavab vermək üçün deyil, həm də dinləmək, fikrini arqumentlərlə əsaslandırmaq və fərqli baxışları anlamaq üçün bir təcrübədir. Bu üsul, tələbəni passiv dinləyici olmaqdan çıxarıb, hər dərsdə hazır düşünən olmağa məcbur edir. Burada, demək olar ki, bütün dərslər cold-calling əsaslıdır.

Bütün bunları ümumiləşdirsək, rahatlıqla demək olar ki, hüquqşünas olmaq üçün yalnız kitabda yazılanları bilmək kifayət deyil. Düşünməyi, tərəddüd etməyi, sual verməyi və bəzən də “səhv” cavab verməyi öyrənmək lazımdır. Çünki inkişaf çox vaxt məhz həmin “səhv” cavabın yaratdığı narahatlıqdan başlayır. Çünki öyrənməyin həyəcanı artdıqca, təhsil də, onun nəticəsində formalaşan düşüncə tərzimiz də dəyişəcəkdir.



İstinadlar

[1] “Sosial” termini burada yerinə düşməyə bilər, lakin sözügedən terminlə hüquq təhsili, hüquqi analiz, hüquq düşüncəsi və s. məsələləri əhatə edən məqamlar nəzərdə tutulur.

[2] Söhbət “3 idiots” filmində baş obrazın lövhəyə mücərrəd bir termin yazdığı və sinifdən onun mənasını tapmaq üçün onlara vaxt verdiyi səhnədən gedir.

[3] Nicat Rəsulzadə, Təhsil almaq, yoxsa təhsil “almaq”? II yazı – uzaq ellərə “magistr yürüşü”

Leave a comment

Navİqasiya

Haqqında

The Lawyer’s Notes Kənan Mədətli tərəfindən hüququn müxtəlif sahələrinə, o cümlədən korporativ hüquq, M&A, müqavilələr hüququ və digər sahələrə, həmçinin hüquq təhsili, hüquq düşüncəsi, müqayisəli hüquq, hüquq praktikası və əlaqəli digər məsələlərə dair Azərbaycan və ingilis dillərində yazılan yazıları əks etdirir.