The Lawyer's Notes: a Law Blog by Kanan Madatli

Notes from a corporate lawyer

Totalitarizmi sürüyən yazıçı – Artur Erix Bleyer (Corc Oruell) “1984” əsəri ilə

Qeyd: Bu yazını 5 il öncə yazmış və köhnə bloqumda paylaşmışdım. Boşluqdan istifadə edərək bu bloqumda da paylaşıram.

Ötən günlərdə Corc Oruellin Azərbaycan dilində tərcümə edilmiş əsərlərini oxudum və iki əsər – “1984” və “Heyvanıstan” əsərləri diqqətimi daha çox çəkdi. Sətiraltı ifadələrlə dolu olan hər iki əsər oxucu üçün, fikrimcə, axıcıdır. Hər kəs sətiraltı mənaları tam dəqiqliklə başa düşə bilməsə də, əksər etibarilə istənilən oxucu yazıçının adı çəkilən əsərlərindəki ilkin məqsədi – totalitarizmin iç üzünü göstərmək məqsədini aydın şəkildə anlaya bilər. Bəs nə üçün Artur Erix Bleyer? Deməli, Corc Oruellin seçilmiş əsərlərinin dərc olunduğu kitabın (Şərq-Qərb nəşriyyatı, Bakı) əvvəlində Vilayət Quliyevin müqəddimə xarakterli yazısında bu barədə geniş məlumat verilir. Əsl adı Artur Erix Bleyer olan yazıçı əsərlərinin böyük bir qismini məhz Corc Oruell təxəllüsü ilə yazmışdır ki, əsərləri onu dünyaya tanıdandan sonra da yazıçının öz adından çox nadir hallarda istifadə olunmuşdur. Yazıçını “totalitarizmi sürüyən yazıçı” adlandırmağım təsadüfi deyil. Qeyd etdiyim hər iki əsərdə yazıçı öz qələmini bir növ totalitarizmə tuşlayaraq, bu rejimin mənfi xüsusiyyətlərini ifadə etmişdir.

Əsərin adının “1984” olması bəzi oxucularda birmənalı qarşılanmır ki, bu da başa düşüləndir (nəzərə alsaq ki, yazıçı 1903-1950-ci illər arasında yaşamışdır və əsərin adına nəzər yetirdikdə təbii olaraq oxucunu düşündürən ilk sual bu olur: 1984-cü ili görməmiş yazıçı necə, yaxud niyə 1984-cü ildən yazmışdır?). Düzü, Vilayət Quliyevin qeydlərinə nəzər salanda aydın olur ki, əsəri bitirdikdən sonra yazıçı iki başlıq arasında – “Avropada sonuncu insan” (Bunu əsərin bir çox yerlərində Uiston Smitin dilindən də eşidə bilərsiniz. Məsələn, 101-ci otaqda olarkən O`Brayenin sualına cavab olaraq verdiyi “Bəli, mən bu qitədə sonuncu insanam.” cümləsi buna misaldır) və “1984” arasında qalır. Lakin naşir əsərin daha cəlbedici görünməsi üçün məhz ikinci başlığı daha məqsədəuyğun sayır. Beləliklə, əsər “1984” adı ilə məşhurlaşır.

Əsər axıcıdırmı? Fikrimcə, bəli. Bir sıra kiçik epizodları çıxsaq (O`Brayenin verdiyi kitabın məğzi, Uistonun gündəlik işləri və s.), əsər kifayət qədər axıcıdır. Antiutopik janrda yazılsa da, insana hüquq və tarix dərsliklərindəki totalitarizm anlayışının böyük bir hissəsini izah edir. Mən əsəri oxuduqca bir sıra xüsusiyyətlərinə görə aylar əvvəl oxuduğum Ray Bradbury-nin “Faranheit 451” əsərini xatırlayırdım. Məsələn, teleekranların insanlara 24 saat nəzarət etməsi (bənzər mənzərə qeyd etdiyim əsərdə də var), antiutopik janr, oxunması qadağan olunan kitablara görə həbslər, hakimiyyətdən qaçış və s. Əsərdə hadisələr Okeaniya adlanan dünyanın üç dövlətindən birində cərəyan edir. Okeaniya Böyük Qardaşın rəhbərlik etdiyi bir ölkədir. Ölkənin bütün işləri Daxili və Kənar Partiyalar arasında bölünmüşdür. Bundan başqa nisbətən azad həyat tərzi sürən prollar adlandırılan təbəqə də mövcuddur. Prollar bir növ tarix dərsliklərində sıx rastlaşdığımız “qara camaat” termininə daha çox uyğun gəlir. Əsərdə Okeaniyadan başqa Avrasiya və İstasiya dövlətləri də mövcuddur ki, Okeaniya dayanmadan bu dövlətlərin hər ikisi ilə müharibə edir (Müharibənin əsas məğzi əsərin “Emmanuel Qoldsteynin kitabı” adlanan hissəsində daha ətraflı qeyd olunur). Okeaniyanın apardığı müharibəni uzaq sərhədlərdə, Üzən Qalalar vasitəsilə həyata keçirir. Baş qəhrəman Uiston Smit partiya üzvüdür, günü Həqiqət Nazirliyində keçir, evdə yeməyə çörəyi olmasa da, iş yerində verilən yemək ona kifayət edir. Digər partiya üzvləri kimi onun da həyatına teleekran vasitəsilə nəzarət olunur. Ümumiyyətlə, əsərdə teleekranları patrullar kimi təqdim edirlər. Teleekranın insanlar üzərində nəzarəti elm-texnologiya filmlərində kompüterlərin insanlar üzərində hökmranlıq etməsi səhnələrini xatırladan hissələrə daha çox bənzəyir. Partiya bütün üzvlərinə sərt qadağalar qoymuşdur. Fikir polisi adlanan və fikir cinayətlərinin qarşısını alan orqan hər bir kəsi bütün zamanlarda (hətta yatanda belə) izləyir. Azacıq düşüncə tərzinin dəyişməsi, yaxud qonşunun, uşaqların qeyri-iradi hərəkətlərinə görə valideynlərini satması Fikir polisinin işini asanlaşdırır (mister Parsons məhz yuxuda “Rədd olsun, Böyük Qardaş” dediyinə görə qızı tərəfindən Fikir polisinə təhvil verilmişdi). Partiya üzvlərinin hər biri partiyanın ağalığına şüursuz şəkildə inanır. Zamanla Uiston sözün əsl mənasında “təkmilləşir”. Partiyanın saxtakarlıq etdiyinə, keçmişi saxtalaşdırdığına inanır və buna əsaslı dəlilləri olur. Faktların dəyişdirilməsi, insanların buxara çevrilməsi (bu anlayışla əsərdə tez-tez qarşılaşacaqsınız, buxara çevirmək insanları birdəfəlik yox etmək demək idi), ikifikirlilik və s. kimii amillərin iç üzünü Uiston tezliklə açmağa müvəffəq olur. Və zamanla fikir cinayəti sayıla biləcək şeylər edir. Günlük tutur, baxmayaraq ki, teleekran ona evində belə nəzarət edirdi. Bir digəri prollar yaşayan məhləyə üz tutmasıdır. Belə ki, qara bazardan xırda əşyalar almaq üçün prollar yaşadığı məhəllədə gəzərkən mister Çarrinqtonun dükanına rast gəlir. Aylar sonra bu dükana bir də gəlir və şüşə pres-papye (şüşədən hazırlanan və içərisində müxtəlif əşyalar – əsasən, xatirə məqsədilə suvenir, gəmi, bitki saxlanılar boruşəkilli qab) alır. Bir müddət sonra bu ona xoş təsir bağışlayır. Lakin bu cür hərəkətlər sıxlıqla təkrarlandığında Fikir polisi üçün əlverişli səbəb rolunu oynayır və Uiston bu dükana ayaq basdığı ilk gündən Fikir Polisinin əlinə düşəcəyini anlayır.

Əsərin ən sevdiyim hissəsi? Əsərin ən sevdiyim hissəsi Uistonun Cüliya ilə tanışlığı hissəsi olur. Doğrudur, bir qədər bu hissə romantik çalarda işlənsə də, əsərin ilkin ideyasından uzaqlaşmamışdır. Belə ki, partiya üzvlərinin bakir/bakirə qalmaları əsas qanun kimi çıxış etsə də, Uiston və Cüliya bu qanunu bir növ pozmuş olurlar. Gizli görüşmələri, Cüliyanın ilk dəfə sevgisini gizli şəkildə Uistona bildirməsi, aylarla həsrət və  hətta əsərin sonunda uzun işgəncələrdən sonra bir-birilərini ələ vermələri və sonra yenidən rastlaşmaları bu sevgi macərasının dəyişkən xətlərlə inkişafına gətirib çıxarır. Məhz bu səhnələr, fikrimcə, oxucu üçün təsirli görünür.

Həqiqət nazirliyi və ikifikirlilik. Belə ki, əsərdə Okeaniya adlanan ölkədə dörd əsas nazirlik mövcuddur: Həqiqət nazirliyi, Sülh nazirliyi, Rifah nazirliyi, Sevgi nazirliyi. Adlarının tam əksini öz fəaliyyətlərində göstərən bu nazirliklərin əsas məqsədi partiyanın mənafeyini qoruyub saxlamaqdan ibarətdir. Əsər boyu biz daha çox Həqiqət nazirliyinin adını eşidir və işini görürük ki, bu da bir mənada Uistonun işi ilə əlaqədardır. Həqiqət nazirliyinin işinin məğzi yalandır. Belə ki, Həqiqət Nazirliyi ancaq keçmişin və faktların saxtalaşdırılması ilə məşğul olur. Əsərin bu hissəsi tarix dərsliklərində sovet dövrünü xatırladır. Belə ki, tarix dərsliklərində qeyd olunan sovet dövründə tarixin dəyişdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışının tarix səhifəsindən silinməsi, keçmişin saxtalaşdırılması faktları tamamilə totalitarizmin xüsusiyyətlərini əks etdirən bu hissə ilə oxşarlıq təşkil edir.

Emmanuel Qoldsteyn və “Qardaşlıq” cəmiyyəti. Əsər boyu Uiston partiyanı özünün düşməni olduğuna inandırdıqdan sonra özü kimi başqa insanların olduğunu düşünür. Həqiqət Nazirliyində “Qardaşlıq” cəmiyyəti və onun rəhbəri Emmanuel Qoldsteyn barədə eşitsə də, ilk başlarda bunu cəfəngiyat sayır. Lakin sonra Cüliya ilə birlikdə O`Brayenin evini ziyarət etdiyində bu cəmiyyətə üzv qəbul edilir (bununla bir növ O`Brayenin toruna düşmüş olur). Emmanuel Qoldsteyinin əsərini oxuyarkən isə Fikir Polisinin caynağına düşür (Emmanuel Qoldsteynin əsəri partiyanın yarıtmaz siyasəti ilə bağlı olduğundan qadağan olunan əsərlər sırasında idi).

101-ci otaq. Əsərdə tez-tez adı çəkilən 101-ci otaq barəsində danışaq. Doğrusu, oxucu əsər boyu 101-ci otağı əsl mahiyyətini heç vaxt başa düşə bilmir. Demək olar ki, hər bir oxucu 101-ci otağı işgəncələr edilən, əzablar verilərək dindirilmə, sorğu otağı olduğunu varsayır. Əsərin sonunda O`Brayenin “Mister Smit, siz onsuz da 101-ci otağın mahiyyətini bilirsiniz” cümləsi bir növ oxucunun təsəvvürlərini daha da kütləşdirir.

Ümumiyyətlə, yekun olaraq qeyd etmək istəyirəm ki, əsər oxucuda totalitarizmə nifrət aşılayır. Demokratik azadlıqların tamamilə məhdudlaşdırıldığı, insanların şüursuzlaşdırıldığı, hər şeyin süniliklərdən (evdəki kitablardan tutmuş yedikləri yeməyə qədər) təşkil olunduğu bir cəmiyyəti yazıçı mükəmməl təsvir etmişdir. Doğrudur, əsərin sonunda oxucu sanki partiyanın əsas prinsiplərinə bir növ inana bilərmiş kimi olur, lakin bu O`Brayenin qətiyyətli nitqinin nəticəsidir, zənnimcə. Hər bir çətinliyə rəğmən Uistonun fikrindən dönməməsi (ta ki son ana qədər), ayrılacaqlarını bildikləri halda Cüliya ilə birlikdə olmaları, Uistonun fərqli düşüncələri kimi əsas fraqmentlər əsəri daha da cana gətirir. Uistonun bir yığın kütbeyindən fərqlənməsi isə əsəri oxuyarkən bu fikri yadıma saldı: Ağıllıların içində dəli olmaq, dəlilərin içərisində ağıllı olmaqdan az təhlükəlidir.

Əsəri məsləhət görərdimmi? Sözsüz ki. Mənə görə ən mükəmməl əsərlər sırasındadır. İstər Corc Oruell üslubu, istər təlqin olunmuş ideyalar, istərsə də əsərin quruluşu bunu deməyimə əsas verir. Ümid edirəm, bu yazı ilə sizlərdə də əsərə qarşı bir rəğbət formalaşdıra bildim.

Leave a comment

Navİqasiya

Haqqında

The Lawyer’s Notes Kənan Mədətli tərəfindən hüququn müxtəlif sahələrinə, o cümlədən korporativ hüquq, M&A, müqavilələr hüququ və digər sahələrə, həmçinin hüquq təhsili, hüquq düşüncəsi, müqayisəli hüquq, hüquq praktikası və əlaqəli digər məsələlərə dair Azərbaycan və ingilis dillərində yazılan yazıları əks etdirir.