The Lawyer's Notes: a Law Blog by Kanan Madatli

Notes from a corporate lawyer

Hüquqşünas bədii kitab oxumalıdır?

Bu yaxınlarda təsadüfən bir postdan yönləndirildiyim link vasitəsilə Quora-da çox gözəl və əyləncəli cavablar verilmiş bir sual rastıma çıxdı. Sualın mətni hər nə qədər hüquqşünaslara fokuslansa da, eyni zamanda bir qədər də əyləncəli xarakter daşıyırdı. Və o maraqlı sual isə aşağıdakından ibarət idi:

– Niyə hüquqşünasların ofislərində hər zaman kitablar tapmaq mümkündür?

Əgər verməyə cavabınız varsa, sizinlə bir fincan qəhvə içərək sual ətrafında maraqlı müzakirə aparmaq olar. Budəfəki yazıda isə yuxarıdakı sualdan yola çıxaraq hüquqşünasların niyə kitab oxumalı olduğunu qeyd edəcəyəm.

Doğrusu, hüquqşünaslar arasında (müvafiq olaraq hüquq tələbələri arasında da) çox geniş yayılmış bir tendensiya var ki, o da hüquqşünasların daima oxumalı olmasıdır. Bəs, nəyi? Sözsüz ki, əksər cavablar hüquq ədəbiyyatlarını ehtiva etsə də, bu dəfə hüquq ədəbiyyatlarından deyil, bədii ədəbiyyatı bir qədər diqqət mərkəzinə çəkəcəyik.

Hər nə qədər hüquqşünasların böyük bir hissəsinin bir o qədər də bədii ədəbiyyata həvəssiz yanaşdıqlarını düşünməyə imkan verən kifayət qədər əsaslar olsa da, bununla belə günlərinin bir hissəsini bədii ədəbiyyata ayıran təbəqə, hətta iri şirkətlərdə kitab klubları mövcud olan hüquqşünasların da sayı kifayət qədərdir. Bəs hüquqşünas niyə bədii ədəbiyyata vaxt ayırmalıdır? (müvafiq olaraq “-malı” hissəciyinin ingilis dilində “must” kimi deyil də, “should” kimi başa düşülməsi arzuolunandır)

Ümumiyyətlə, hər şeydən əvvəl bədii ədəbiyyat oxumaq, zənnimcə, “önyargı” dediyimiz xüsusiyyəti aradan qaldırır. Nəzərə alsaq ki, hüquqşünaslar bu cür amillərin qaçınılmaz olduğu bir mühitdə çalışırlar, məhz bu baxımdan bədii ədəbiyyat hüquqşünaslar üçün xüsusi bir əhəmiyyət kəsb etməyə başlayır. Eyni zamanda “anlayış” amili də burada “önyargı” amilinə paralel şəkildə inkişaf edir ki, təbii olaraq ikincinin tədricən aradan qalxması ilkinin formalaşmasına səbəb olur.

Digər tərəfdən nəyin hansı anda daha zəruri və ya daha əhəmiyyətli olmasını müəyyən etmək də bədii kitabların zamanla formalaşdırdığı keyfiyyətlərin nəticəsi olaraq qarşımıza çıxır. Sadə dildə desək, bədii kitab oxumaq hüquqşünas üçün müəyyən məqamlarda qarşıya çıxan dilemmaları, yaxud da verilən kritik qərarları aşmaqda mühüm rol oynayır. Başqa sözlə, Hemingwayin “Əcəl Zəngi”ndə ölməklə öldürmək arasında, Coelhonun “Şeytan və xanım Prym”nda öldürmək, yoxsa öldürülmək kimi seçimlərdə, eləcə də, Murakaminin azad düşüncə ideologiyasının qatı fanatizmlə kəsişməsinin zamanla yaratdığı təəssürat yuxarıda qeyd etdiyim dilemmaları darmadağın etməkdə xüsusi rol oynayır, hər nə qədər bunu qəbul etmək istəməsək də.

Ağıla gəlməyəcək amillərdən biri də əsaslandırma qabiliyyətinə kitabların mühüm şəkildə təsir etməsidir. Hər hüquqşünasın həyatında sıx-sıx rastlaşdığı əsaslandırma amili də məhz qeyd etdiyimiz kimi bədii kitablarla dolayı yolla əlaqəlidir.

Dünyagörüş. Nəinki yalnızca hüquqşünaslar üçün, hətta bütün ixtisaslar üçün əhəmiyyətli keyfiyyətlərdən biri olmaqla insanların həyatında mühüm rol oynayır. Xüsusilə də harada necə davranmalı, nəyi necə qeyd etməli olduqlarını bilmək, geniş bilik bazasına malik olmaq bir hüquqşünası hüquqşünas edən ən mükəmməl xüsusiyyətlərdəndir.

Siyahını uzatmaq mümkündür, xeyli sayda keyfiyyət, eləcə də, natiqlik qabiliyyəti, söz bazası, sürətli analiz, düşüncə, səlislik, radikal düşüncə tərzinin olmaması, ifadəlilik, risk almaq və bu kimi digər xüsusiyyətlər də zamanla bədii kitabların formalaşdırdığı keyfiyyətlər sırasındadır. Bütün bunlarla bərabər Stanford Law School-un ötən il dərc etdiyi bir postda hüquq tələbələrinə yay aylarını səmərəli keçirmək üçün digər fəaliyyətlərlə bərabər bədii ədəbiyyata zaman ayırmaqları tövsiyə olunaraq hüquqşünas üçün ən yaxşı istirahətin oxumaq olduğu qeyd edilirdi.

Digər tərəfdən isə xarici hüquq fakültələrində hələ ilk ildə tədris olunması töviyə olunan və son zamanlar bizdə də az da olsa, tədris olunmağa başlanan Legal Ethics, Written and Oral Advocacy və bu kimi digər fənlər öz növbəsində fənn ədəbiyyatı qismində bir çox bədii kitabları da nəzərdə tutur. Hər nə qədər bizdə hüquq tələbələri arasında bədii kitabların bir o qədər də mühüm əhəmiyyətə malik olmaması barədə fikir formalaşsa da, bunun əksini düşünən hüquq tələbələri də, az da olsa, var. Digər tərəfdən bir sıra müəlliflərin əsərləri, o cümlədən Elizabeth Mertz: The Language of Law School, Frederick Schauer: Thinking Like a Lawyer: A New Introduction to Legal Reasoning, Richard Posner: Divergent Paths – The Academy and the Judiciary, eləcə də bu kimi digər kitablar hər nə qədər hüquqi motivləri özündə cəmləşdirsə də, eyni zamanda bədii ədəbiyyat təsiri bağışlayır və oxumaqda, sözsüz ki, fayda var.

Bütün bunlarla bərabər bir sıra məhkəmə işlərində iştirakçıların bədii kitabların məzmunları ilə tanışlığı mühüm rol oynamışdır ki, Class Action Law Suit against Bay County School Board, Laura Mallory v. Gwinette County Board of Education kimi işlər belələrindəndir.

Belə. Qeyd etdiyim kimi kitab oxumaq hüquqşünas üçün mühüm əhəmiyyət kəsb edən bir fəaliyyətdir. Hətta hüquqşünas kimi mühüm əhəmiyyət kəsb etməsə belə, kitab oxumaq fərd kimi formalaşmaqda mühüm rol oynayır. Ona görə də ixtisasınızdan asılı olmayaraq oxuyun. Çünki Celil Nalçakanın da qeyd etdiyi kimi:

“Okuyacaksın, arkadaş! Okumayan insan sokaktakı canlı bombadan bile daha tehlikeli!”

One response to “Hüquqşünas bədii kitab oxumalıdır?”

  1. tutuip@law.blog Avatar

    Maraqlı və faydalı yazıdır Uğurlar

    Liked by 1 person

Leave a comment

Navİqasiya

Haqqında

The Lawyer’s Notes Kənan Mədətli tərəfindən hüququn müxtəlif sahələrinə, o cümlədən korporativ hüquq, M&A, müqavilələr hüququ və digər sahələrə, həmçinin hüquq təhsili, hüquq düşüncəsi, müqayisəli hüquq, hüquq praktikası və əlaqəli digər məsələlərə dair Azərbaycan və ingilis dillərində yazılan yazıları əks etdirir.