The Lawyer's Notes: a Law Blog by Kanan Madatli

Notes from a corporate lawyer

Hüquq tələbəsi üçün faydalı saytlar/proqramlar – II hissə

Ötən yazıda hüquq tələbəsi üçün faydalı ola biləcəyini düşündüyüm saytlar və proqramların bir qismini qeyd etmişdim. Budəfəki yazıda isə sözügedən saytlar və proqramların digər hissəsini qeyd edəcəyəm. Eyni zamanda budəfəki yazıda milli mənbələrə də rast gələcəksiniz.

Qeyd edim ki, aşağıda qeyd etdiyim sıralama təsadüfi xarakter daşıyır.

Westlaw UK. Əsasən, Birləşmiş Krallıq fokuslu məhkəmə case-lərini özündə birləşdirsə də, müxtəlif məqalə və kitablardan hissələrə də rast gələ bilərsiniz. İstifadə ödəniş əsaslıdır.

Oxford Academic. Müxtəlif mövzularla bağlı fərqli müəlliflərin kitablarından və məqalələrindən hissələri əldə edə bilərsiniz. Mövzu hissəsində “Hüquq” (araşdırma sferasına uyğun olaraq digər sahələr də ola bilər) seçməyiniz kifayət edir. İstifadə ödənişli olsa da, vaxtaşırı bir sıra faylları ödənişsiz əldə etmək imkanı yaradılır.

Cambridge Core. Oxford Academic kimi müxtəlif kitab və məqalələrdən hissələri cəmləşdirir. Eyni qaydada istifadə ödənişli olsa da, Cambridge Core da müəyyən müddət ərzində bir sıra faylları ödənişsiz əldə etmək imkanı yaradır. *Həm Oxford Academic, həm də Cambridge Core-dan ödənişsiz istifadə imkanları üçün qeyd olunan bazaların sosial şəbəkədəki səhifələrini izləyə və ya saytın özündən birbaşa abunə ola bilərsiniz.

Law Library of Congress. Demək olar ki, hər gün bir neçə dəqiqə də olsa, göz gəzdirdiyim saytlardan biridir. Müxtəlif dövlətlərin qanunvericiliklərində baş verən dəyişiklikləri özündə cəmləşdirməklə bərabər, çoxsaylı ABŞ mənbələrini də əldə etmək mümkündür. İstifadə tamamilə ödənişsizdir. (Kiçik bir haşiyə: Ötən il Vaşinqtonda kitabxananın özündə keçirilmiş bir təlimdə kitabxananın işləmə prinsipini eşidəndə çox təəcüblənmişdim. Məlumatların necə və hansı formada əldə olunması bir qədər uzun proses olduğundan Law Library-nin işləmə prinsipi barədə ayrıca bir post yazacağam.)

SSRN. Müxtəlif araşdırmaların nəticələrini və məqalələri özündə cəmləşdirən sosial araşdırma platformudur. İstifadə tamamilə ödənişsizdir.

Business Insider. Biznes və iqtisadiyyatla bağlı baş vermiş yeniliklərlə tanış olmaq, o cümlədən, müxtəlif mövzularla bağlı fərqli müəlliflərin yanaşmasını əks etdirən “köşə yazıları” ilə tanış olmaq mümkündür. Həm müəyyən ödəniş müqabilində abunə olaraq, həm də ödənişsiz şəkildə yararlanmaq mümkündür.

Harvard Business Review. Eyni qaydada, əsasən, bizneslə bağlı yenilikləri və müxtəlif yanaşmaları əks etdirir. İstifadə həm müəyyən ödəniş müqabilində, həm də ödənişsiz formada mümkündür.

Financial Times. Dünyanın ən nüfuzlu qəzetlərindən biri olmaqla maliyyə, investisiya, biznes və s. barədə yenilikləri özündə əks etdirir. İstifadə qismən ödənişsizdir.

OECD. OECD ümumilikdə üzv və bir sıra hallarda qeyri-üzv dövlətlərin iqtisadi, təhsil, səhiyyə, inkişaf və bu kimi digər sahələrdə statistikasını, müqayisəsini və inkişaf perspektivlərini vaxtaşırı dərc edir. Eləcə də, ayrı-ayrı nəşrlərində müxtəlif yanaşmalar və tövsiyələrlə tanış olmaq mümkündür. Ödənişsizdir.

TED Talks Law. Hüquq üzrə TED çıxışlarını izləmək də faydalı ola bilər. Ödənişsizdir.

Milli mənbələrə nəzər salası olsaq:

President.az. Yeni qəbul olunan və imzalanan normativ aktlarla Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytından tanış ola bilərsiniz. Lakin yeni aktlara nəzər yetirərkən “Normativ hüquqi aktlar haqqında” AR Qanunun tələblərini nəzərə almağınız tövsiyə olunur.

Meclis.gov.az. Azərbaycan Respublikası Milli Məclisinin saytında “Qanun layihələri” adlanan hissədə oxunuşa çıxarılan qanun layihələri ilə tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Ali Məhkəmə Qərarları. Qeyd olunan linkə keçid etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarını müxtəlif əsaslar (nömrə, tarix, kollegiya və s.) üzrə axtarış edərək əldə edə bilərsiniz. Ödənişsizdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarları. Eyni qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarlarını ödənişsiz şəkildə əldə edə bilərsiniz.

Vahid Məhkəmə Portalı. Azərbaycan Respublikası Vahid Məhkəmə Portalında müxtəlif məhkəmələrdəki işlər barədə məlumat ala, habelə müxtəlif sənədlərin nümunələrini əldə bilərsiniz. Ödənişsizdir.

E-Qanun. Azərbaycan Respublikasının Normativ hüquqi aktlarının vahid elektron bazası olmaqla, hazırda ən çox istifadə olunan platformalardan biridir. Analoji qaydada korporativ mühitdə istifadə olunan LegalActs tətbiqindən fərqli olaraq E-Qanun tamamilə ödənişsizdir.

Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı. Saytda Jurnalın buraxılışlarında dərc olunan akademik məqalələri əldə etmək, habelə Jurnalın Blogundakı müxtəlif məzmunlu yazılarla tanış ola bilərsiniz. Ödənişsizdir.

Bonus 1: edX, Coursera, FutureLearn, Udemy və Khan Academy kimi onlayn platformalarda hüquq, iqtisadiyyat və digər əlaqəli kurslarla tanış ola bilərsiniz. Hər biri kifayət qədər faydalıdır. Qismən ödənişlidir.

Bonus 2: Hüquqşünas Emin Kərimovun blogu, hüquqşünas Nazlı Əhmədovanın əqli-mülkiyyətə həsr olunmuş blogu, hüquqşünas Mehran Əmirlinin blogu, o cümlədən həmkarım Nurlan Məmmədlinin blogu da hüquq tələbələri üçün faydalı olacağını düşündüyüm mənbələr sırasındadır.

Ümid edirəm, azacıq da olsa, faydalı məzmunlu bir post ilə tanış olmağınıza səbəb ola bildim. Bir neçəsindən mütəmadi istifadə etməyiniz belə şəxsi inkişafınızda müsbət dəyişikliklərlə nəticələnəcəkdir.

One response to “Hüquq tələbəsi üçün faydalı saytlar/proqramlar – II hissə”

  1. Cavid Avatar

    Dəyərli məlumatlar üçün təşəkkürlər.

    Liked by 1 person

Leave a comment

Navİqasiya

Haqqında

The Lawyer’s Notes Kənan Mədətli tərəfindən hüququn müxtəlif sahələrinə, o cümlədən korporativ hüquq, M&A, müqavilələr hüququ və digər sahələrə, həmçinin hüquq təhsili, hüquq düşüncəsi, müqayisəli hüquq, hüquq praktikası və əlaqəli digər məsələlərə dair Azərbaycan və ingilis dillərində yazılan yazıları əks etdirir.