Deməli, hər bloq yazımda müxtəlif saytlara istinad edirəm, yaxud da hansısa proqramların hüquq tələbələri üçün faydalı olacağını vurğulayıram, lakin dəqiq bir siyahının olmaması bəzən oxucuda çaşqınlıq yarada bilir deyə düşünürəm. Ona görə də budəfəki yazıda hüquq tələbələri üçün faydalı ola biləcək tətbiqləri qeyd etməyi özümə borc bildim.
Qeyd edim ki, aşağıda qeyd edilən sıralama təsadüfidir.
HeinOnline. Deyərdim ki, bir hüquq tələbəsinin akademik düşüncəsinin formalaşmasında HeinOnline əvəzsiz rola malikdir. Minlərlə hüquq jurnalından yüz minlərlə məqalənin toplandığı elektron məlumat bazası olmaqla kifayət qədər əlverişlidir. Baxmayaraq ki, ödənişlidir, bu və ya digər şəkildə müxtəlif kitabxanalardan, yaxud universitetlər vasitəsilə giriş əldə etmək mümkündür.
LexisNexis. Ən böyük case-law bazalarından biri olmaqla bərabər, özündə müxtəlif hüquq kitabları/dərsliklərindən hissələri də cəmləşdirən bir məlumat bazasıdır. Çox təəssüf ki, istifadə ödəniş əsaslıdır.
Lawyerist. Bir hüquq tələbəsində hüquqa qarşı rəğbət hissi oyada biləcək ən gözəl bloglardan biridir, deyərdim. Müxtəlif məzmunlu yazılar, hər həftənin müxtəlif hüquq sahələri üzrə trend mövzuları yeniliklər barədə sizi xəbərdar edir. Ən sevdiyim xüsusiyyətlərindən biri isə özünün podcastinin olmasındadır. İstifadə ödənişsizdir.
Above the Law. Hal-hazırda dünyada hüquq tələbələri arasında məşhur olan bloglardan biridir. Hüquq tələbəsinin kariyera imkanlarından, hüquq məktəblərinin xüsusiyyətləri, hüquq və texnologiya və bu kimi digər mövzularda maraqlı postları oxuya bilərsiniz. İstifadə ödənişsizdir.
Legal Talk Network. Ən çox istifadə etdiyim platformalardan biri məhz Legal Talk Network-dür. 30-a yaxın podcastı özündə cəmləşdirən bir platforma olmaqla, hər həftə müxtəlif proqramlar vasitəsilə maraqlı mövzular müzakirə olunur. Applikasiyanı həm Apple Store, həm də Play Market-dən *ödənişsiz olaraq əldə edə bilərsiniz.
ICJ. Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) vebsaytı nəyimizə lazımdır deyə sual yarana bilər, oysa baxılan işlərin tam mətni, yurisdiksiya məsələləri və bu kimi beynəlxalq ümumi hüququ əhatə edən çoxsaylı məsələlər üzrə ICJ təcrübəsi ilə yaxından tanış ola bilərsiniz. Ödənişsizdir.
HUDOC. Eyni qaydada Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsini müxtəlif case-lər əsasında yaxından nəzərdən keçirə bilərsiniz. Ödənişsizdir.
Investopedia. Daha çox biznes/iqtisadiyyat yönümlü terminləri ehtiva etsə də, bir hüquqşünas üçün də qeyri-müəyyən anlayışların izah olunmasında mühüm rol oynayır. Terminlərin müxtəlif formada definisiyaları, qrafik/sxemlərlə izahı, video-animasiyalarla şərh edilməsi ən sevdiyim xüsusiyyətləri sırasındadır. İstifadə ödənişsizdir.
EJIL: Live!. EJIL (European Journal of International Law) özündə eyni zamanda müxtəlif məqalələri, yazıları, postları, kitab şərhlərini cəmləşdirsə də, mənim ən sevdiyim xüsusiyyəti Live! sessiyalarıdır. İstifadə ödənişsizdir.
Lawctopus. Əsasən hind mənşəli olsa da, hər bir hüquq tələbəsinin özü üçün yararlı ola biləcək yazılar tapa biləcəyi bir blogdur. Heç bir ödəniş tələb etmir.
Quora. Hər nə qədər sual yaratsa da, Quora bir hüquq tələbəsi üçün çox gözəl imkanlar təmin edir. Doğrusu, hər mövzuda suallar və cavablarla qarşılaşa bilərsiniz, lakin mən əsasən biznes/hüquq yönümlü suallar və onlara verilən cavabları izləməyi üstün tuturam. Ödənişsizdir.
ABA Journal. Hüquqla bağlı müxtəlif məzmunlu postları eyni qaydada burada da izləyə bilərsiniz. Faydalı olduğunu düşünürəm. Qismən ödənişsizdir.
LawInSport. Saytın öz dili ilə desək, idman dünyasında baş verən hüquqi yeniliklərlə bağlı maraqlı yanaşmaları özündə əks etdirir. Ödənişsizdir.
Hukuk Sokağı. Əgər ingilis dili biliyim bir qədər zəifdir deyirsinizsə, heç narahat olmayın, Hukuk Sokağında da türk dilində maraqlı postlarla tanış ola bilərsiniz. Sevdiyim bloglar arasındadır. Ödənişsizdir.
Ankara Barosu Dergileri. Eyni qaydada türk dilində müxtəlif məqalələrin əks olunduğu Ankara Barosu Dergileri də sizlər üçün faydalı ola bilər. Ödənişsizdir.
BONUS: ruwanthikagunaratne.wordpress.com. Hər nə qədər həvəskar biri tərəfindən qurulsa da, müxtəlif mövzulu ICJ caselərini sistemləşdirilmiş şəkildə özündə cəmləşdirir. Jessup-a hazırlaşarkən çox faydasını görmüşdüm. Ödənişsizdir.
Qeyd edim ki, ayrı-ayrı hüquq jurnallarının saytlarında da məqalələri ödənişsiz şəkildə əldə edə bilərsiniz. Onların sayı bir qədər çox olduğundan hamısını qeyd etmək qeyri-mümkündür. Eyni zamanda onu da qeyd edim ki, yazının ikinci hissəsində xarici saytlarla bərabər, milli blogları da qeyd edəcəyəm.
Leave a comment