Düzünü desək, bu mövzuya toxunmaq uzun müddətdir ağlımdadır, lakin vaxt tapıb normal qaydada yaza bilmirdim. Bu yazı da nə dərəcədə tam əhatə edir, o barədə də tərəddüdlüyəm, çünki fikirlər çoxdur və bütün bunları qısa bir yazıya sığışdırmaq bir qədər çətindir.
Qeyd: Yazı boyunca beynəlxalq ümumi hüquqa beynəlxalq hüquq deyə müraciət edəcəyəm.
Hər şey ötən il mənim ilk dəfə Philip C. Jessup Beynəlxalq hüquq Məhkəmə Müsabiqəsində iştirak etməyimlə başladı. O vaxta qədər “Mülki sahəyə fokuslanacağam”, “Beynəlxalq hüquq nədir, əşi” deyən birisi nə məqsədlə bu müsabiqəyə qatılırdı, bilmirəm, lakin hər şey müsabiqə üçün araşdırma etməyə başlayandan sonra əhəmiyyətli dərəcədə dəyişdi. Yəni düşünün, beynəlxalq hüquqa hüquq kimi yanaşmayan mən, bir neçə həftədən sonra həvəslə (burada həvəslə sözünü xüsusilə diqqətinizə çatdırıram) beynəlxalq ümumi hüquqla bağlı məqalələr, kitablar oxuyurdum. Ötən ildən sonra bu il yenidən həmin müsabiqədə iştirak etmək şansı qazandım və ümumilikdə iki illik Jessup macərasının nəticəsində nə üçün bizə tədris olunan beynəlxalq ümumi hüquqdan nə isə öyrənə bilməməyimizin və zövq ala biməməyimizin (bu da ilki qədər əhəmiyyətlidir) səbəbini (və ya səbəblərini) asanlıqla müəyyən edə bildim (Nəinki mən, Jessupda, yaxud Int. L. ilə əlaqədar hər hansı məhkəmə müsabiqəsində iştirak edən istənilən iştirakçı bunu asanlıqla müşahidə edə bilər).
Əsas məsələ də burada meydana çıxır: Bizə tədris olunan beynəlxalq ümumi hüququn Jessupda öyrəndiyim və araşdırdığım beynəlxalq ümumi hüquqdan fərqi nədir? (Burada Jessup ona görə qeyd edirəm ki, dünyanın digər hüquq fakültələrində – Mərkəzi Asiya ölkələrinin bir qismi istisna olmaqla – məhz tədris bu formadadır və bunu hər hansı hüquq fakültəsinin adı ilə xüsusiləşdirmək istəmirəm)
- Yanaşma. Bizdə ən böyük problem hüquq cəmiyyəti çərçivəsinə beynəlxalq hüquqa olan yanaşmadır. “Beynəlxalq hüquq nağıldır”, “tətbiq mexanizmi yoxdur”, “sanksiya yoxdur orda” və bu tipli digər fikirləri hələ universitet dönəmində hüquq tələbəsinin beyninə yeridilməsinin nəticəsində ümumi yanaşma da bu formada dəyişir.
- Beynəlxalq hüquq siyasətin uşağıdır. Qismən razılaşardım bu fikirlə, lakin tamamilə desək, əlbəttə yox. Nəzərə alsaq ki, hazırki dövrdə siyasi hadisələr nəinki beynəlxalq hüquqa, hətta dövlətdaxili hüquqa da təsirsiz ötüşmür, bu halda bu cür arqumentin kifayət qədər əsaslı olduğu barədə də xeyli şübhələr yaranır.
- Resurs qıtlığı. Yəqin hər bir hüquqşünas və hüquq tələbəsi razılaşar ki, beynəlxalq hüquqla bağlı Azərbaycan dilli resurslar çox azdır və olanlar da çox, amma çox qısadır. İngilis və rus dilli resurslardan istifadə etmək ənənəsi bu və ya digər səbəblərə görə çox da geniş yayılmayıb bizdə, bunun nəticəsində də beynəlxalq hüququ qısa konspektlərdən oxuyub (buna qəsdli şəkildə öyrənmək demirəm) başa düşmək qeyri-mümkün olduğundan yuxarıda qeyd etdiyim yanaşma meydana çıxır. Ən sadəsindən bizdə mövcud olan beynəlxalq hüquq dərsliklərini, demək olar hamısında dəniz hüququ maksimum 10 səhifəlik bir hissəni əhatə edir. Nəzərə alın ki, yalnızca dəniz hüququnun mənbələrindən birini təşkil edən 1982-ci il Konvensiyası 202 səhifədən ibarətdir.
- Yalnızca nəzəriyyə. Digər məsələ bizim ancaq beynəlxalq hüququn nəzəriyyə hissəsini oxumağımız və bunu da konspektlərdən çox qısa şəkildə oxumağımızdır. Praktikadan xəbərimiz olmur (Elə şey olar, axı beynəlxalq hüququn tətbiqi yoxdur!) Əsas məqam budur ki, hazırda beynəlxalq hüquq müxtəlif institutlar tərəfindən praktiki formada inkişaf etdirilsə də (eləcə də subyektlər tərəfindən), bunların mərkəzində ICJ – International Court of Justice (bundan sonra ICJ) dayanır. ICJ-in hər bir case-i ayrıca bir yanaşmadır və bunlar beynəlxalq hüququn hansı formada və nə dərəcədə inkişafda olduğunu çox mükəmməl şəkildə sübut edir. Təbii ki, biz qısa konspekti oxuyanda məsələnin bu tərəfini görmürük, imkan olduğu halda belə görmək istəmirik. Bu da nəticədə nəzəriyyə hissəsini “quru-quru” oxuyub “nağıl kimi” başa düşməyimizlə nəticələnir. Misalçün, konspekt beynəlxalq adət hüququnun elementlərindən birinin state practice (dövlətlərin praktikası) olduğunu qeyd edir, lakin bunun niyə bu cür olduğu barədə heç bir məqamı diqqətə çatdırmır. “Neçə dövlətin təcrübəsi adət hüququnu formalaşdırır?”, “Bir dövlət kifayətdirmi bunu üçün?” və bu tip sadə suallar isə cavabsız qalır. Halbuki bütün bunlar ICJ-in case-lərində kifayət qədər detallı şəkildə izah edilir, hətta fərqli yanaşmalar da.
- İngilis, yaxud fransız dili. Beynəxalq hüquq hazırda iki dildə – ingilis və fransız dilində daha çox formalaşır. Əksər keyfiyyətli resurslar məhz bu dillərdədir. Məsələnin təəssüfedici tərəflərindən biri də bizdə hazırda beynəlxalq hüquq mütəxəssislərinin çox hissəsinin rus dili xaricində bir dil bilməməsidir. Ki bu da öz təsirini ümumi yanaşmada büruzə verir.
- Elastiklik (Flexibility). Maraqlı məqamlardan biri elastiklikdir, hansı ki, biz bunu başa düşmək istəmirik. Məsələ burasındadır ki, beynəlxalq hüquqda mövcud olan problemlər hər iki tərəfə dartıla bilən problemlərdir. Yəni, loru dildə desək, bir arqumenti özünüzə sərf etdiyi formada dartmaq mümkündür, necə ki, bu il Müsabiqədə bizim balaca bir sualtı qurğunu gəmi kimi göstərməyimiz, yaxud sivillərin vurulmasını hüquqa uyğun olduğunu sübut etmək cəhdlərimiz kimi. Bunu başa düşmədiyimiz zaman ortaya beynəlxalq hüquq absurd bir anlayış kimi çıxır və bu da ilk punktda qeyd etdiyim yanaşmanı formalaşdırır.
- Məhdud fokus. Digər nöqtələrdən biri beynəlxalq hüququn sahələrinə fokuslanmaqdadır. Bizdə hal-hazırda tədris həyatında hüquq tələbələrinə ən çox öyrədilən sahələr beynəlxalq cinayət hüququ və insan hüquqlarıdır (bu da hansı ki, bizim üçün insan hüquqları hüququ kimi formalaşır). Zəruri sahələrdirmi? – Əlbəttə. Lakin məhduddur. Hazırda nəzərə alsaq ki, beynəlxalq hüququn inkişaf istiqaməti daha çox ekologiya hüququ, humanitar hüquq, kosmos hüququ, mədən hüququ, dəniz hüququ və bu kimi digər sahələrdir, təbii olaraq biz bu inkişaf tendesiyasından kənarda qalırıq. (Ən sadəsindən, ötən aylarda OUP Beynəlxalq İqlim Dəyişikliyi hüququ adlı yeni kitab çap etdi, hansı ki, biz belə bir sahəyə nəinki dırnaqarası baxırıq, heç baxmırıq)
- Düşüncə. Beynəlxalq hüquqa olan yanaşmanı dəyişmək üçün niyə məhz beynəlxalq hüququn bizim üçün əhəmiyyətli olduğunu düşünmək lazımdır. Hansı ki, bizdə əsas diqqət başa düşməkdən daha çox, bir an öncə bitirib qiymət almaq/pul qazanmağa yönəlib.
- Yenilikçilik. Beynəlxalq hüququn ən mükəmməl cəhəti yenilik etmək imkanının daha böyük olmasıdır. Müxtəlif problemlərə fərqli yanaşmalar öz-özlüyündə beynəlxalq hüquqa yeni ideyalar, yeni yanaşmalar gətirir.
- Öncəlik (Priority) məsələsi. Və son olaraq biz istər düşüncə, istərsə də praktika olaraq daha çox cinayət hüququ, mülki hüquq, inzibati hüquq, əmək hüququ və bu kimi bir neçə sahəyə fokuslanmışıq və daim bu sahələrdə keyfiyyətli mütəxəssislər yetişdirməyə çalışırıq. Şübhəsiz, hər biri zəruri sahələrdir, amma yalnızca onlara fokuslanmaq beynəlxalq hüquq da daxil olmaqla, neçə hüquq sahəsinin inkişafını sual altında qoyur. Lakin ən azından ölkə olaraq Dağlıq Qarabağ problemi, Xəzərin hüquqi statusu, iqlim dəyişikliyi məsələləri və bu qəbildən onlarla məsələnin həlli yolu birbaşa olaraq beynəlxalq hüquqdan keçir. Bu da öz növbəsində bu məsələləri həll edə bilmək üçün beynəlxalq hüququn daha da inkişafını tələb edir. Ən azından bizdə.
Qeyd etdiyim kimi, həddindən çoxdur bu mövzu barədə fikirlər, sadəcə uzun olmaması və oxunaqlı olması üçün 10 punktla kifayətlənməli oldum. Son olaraq, qeyd edim ki, hazırki vəziyyətdə atılmalı olan ilk addım, fikrimcə daha keyfiyyətli beynəlxalq hüquq dərsliklərinin hazırlanmasıdır ki, hüquq cəmiyyətinin ümumi yanaşmasını dəyişmək mümkün olsun.
Leave a comment