Budəfəki yazımda beynəlxalq müqavilələr hüququndan bəhs edəcəyəm. Doğrusu, Azərbaycan Respublikasının Beynəlxalq Müqavilələr haqqında 1969-cu il Vyana Konvensiyasına (Vienna Convention on the Law of Treaties, bundan sonra VCLT) qoşulması barədə Milli Məclisdə qanun layihəsinin müzakirə olunması bu mövzunu daha da aktuallaşdırır. Qeyd edim ki, müqavilələr haqqında yazı üç hissədən ibarət olacaqdır və bəzi anlayışların dəqiqliyini qorumaq məqsədilə həmin anlayışlar orijinal mətnlərində olduğu kimi ifadə olunub.
Hər şeydən əvvəl qeyd edim ki, Beynəlxalq Müqavilələr hüququnun bazası, əsas mənbəyi rolunda məhz VCLT çıxış edir. VCLT 23 may 1969-cu ildə qəbul olunsa da, Konvensiya bir qədər gec, özünün 84 (1)-ci maddəsinə uyğun olaraq 1980-ci ildə qüvvəyə minir. Hazırki məlumata əsasən Konvensiyaya 114 dövlət üzvdür və Konvensiya Beynəlxalq hüquqda müqavilələr məsələsini, fikrimcə, mükəmməl şəkildə tənzimləyir. Bununla birlikdə 1986-cı ildə qəbul olunmuş Dövlətlər və beynəlxalq təşkilatlar arasında (eləcə də beynəlxalq təşkilatların özləri arasında) müqavilələr hüququ haqqında Konvensiya hələ qüvvəyə minməsə də, sözügedən mövzu ilə bağlı mühüm müddəaları əks etdirir.
Ümumiyyətlə, beynəlxalq hüquqda müqavilə dedikdə, beynəlxalq müstəvidə müvafiq tərəflər arasında bağlanan saziş başa düşülür. Bu, ümumiləşdirilmiş anlayış olsa da, daha dəqiq anlayış VCLT-nin 2 (1)-ci maddəsində təsbit olunmuşdur (analoji anlayış 1986-cı il Konvensiyasında və 2011-ci il Beynəlxalq Hüquq Komissiyasının “Draft articles on the effects of armed conflicts on treaties” adlı “sənədində” öz təsbitini tapmışdır):
“Treaty” means an international agreement concluded between States in written form and governed by international law, whether embodied in a single instrument or in two or more related instruments and whatever its particular designation.
VCLT-də qeyd olunan anlayış beynəlxalq hüququn digər subyektləri arasında bağlanılan müqavilələrin qüvvəsi məsələsini sual altına qoysa da, Konvensiyanın 3-cü maddəsi bu sualı dolayı yolla cavablayır. Digər tərəfdən müxtəlif dövlətlər “müqavilə” terminini fərqli formalarda – konkordat, saziş, protokol, akt, nizamnamə, pakt və digər formalarda ifadə edə bilərlər. Lakin hansı adla ifadə olunmasından asılı olmayaraq sözügedən *yazılı razılaşma VCLT-də təsbit olunan müddəalarla tənzim olunur.
Bir sıra nəzəriyyəçilər bu məsələni hələ qədim dövrlərdən bəri formalaşmaqda olan adət hüququ ilə əlaqələndirir və adət hüququnun (customary international law) mövcudluğunun müqavilə hüququnu üstələdiyini qeyd edirlər. Lakin adət hüququndan fərqli olaraq müqavilə hüququ daha konkret və birbaşa təsir göstərir və beynəlxalq hüquq yaratma prosesini daha da sürətləndirir. Yəni beynəlxalq hüquqda hər hansı bir müddəanın və ya normanın hüquq kimi öz yerini tutmasında adət hüququ uzun bir yol qət edirsə, bu yolu müqavilələr hüququ xeyli qısaldır. Ümumilikdə götürdükdə beynəlxalq hüquqda müqavilələr adət hüququnun normativləşmiş formalarıdır. Bu baxımdan VCLT də müqavilələrə dair adət hüququnu bir növ normativləşdirib. 1971 Namibiya işi və 1973 Fisheries Jurisdiction işində BMT Beynəlxalq Məhkəməsi (ICJ) VCLT-nin beynəlxalq adət hüququnu qismən əks etdirdiyini qeyd edib. Digər tərəfdən VCLT-nin bəzi müddəaları birbaşa olaraq adət hüququnu əks etdirir. Məsələn, 1977 Beagle Channel Arbitraj işində (söhbət beynəlxalq mübahisələrin həlli yolu kimi müəyyən olunan arbitrajdan gedir, kommersiya arbitrajı ilə qarışdırılmasın) VCLT-nin 31-ci maddəsinin, 1971 Namibiya işində 60-cı maddənin birbaşa olaraq adət hüququnu əks etdirdiyi qeyd olunub.
Beynəlxalq müqavilələr hüququ hər nə qədər beynəlxalq ümumi hüququn prinsiplərini rəhbər tutsa da, bütün müqavilələrin əsasında məhz pacta sunt servanda prinsipi ön plana çıxır. 1986 Nicaragua və 1996 Legality of the Threat or Use of Nuclear Weapons işlərində BMT Beynəlxalq Məhkəməsi (ICJ) pacta sunt servanda prinsipinin müqavilənin hüquqi təbiətində mühüm payı olduğunu müəyyən edib. Eyni zamanda 1978 Aegean Sea Continental Shelf işində BMT Beynəlxalq Məhkəməsi (ICJ) beynəlxalq hüquqda müqavilənin hüquqi nəticə yaratması üçün dəqiq və şablon forma və şərtlər olmadığı təsbit etsə də, beynəlxalq təcrübə sübut edir ki, müqavilənin hüquqi nəticəsi məhz tərəflərin özləri üçün öhdəliklər yaratmaq niyyətlərinin olub-olmamasından asılıdır.
Mühüm faktlardan biri də ondan ibarətdir ki, BMT Nizamnaməsinin 102-ci maddəsinə əsasən üzv dövlətlər üçün tərəf olduqları müqavilələrin hüquqi qüvvəsinin müəyyən olunmasında üçün məhz həmin müqavilələrin BMT Katibliyində (Secretariat) qeydiyyata alınması mühüm təsirə malikdir. Bununla belə 1994 Maritime Delimitation and Territorial Questions işində ICJ bu cür qeydiyyatın müqavilənin etibarlılığına və hüquqi qüvvəsinə təsir etmədiyini qeyd edib.
Mövzunun II hissəsi növbəti yazımda davam ediləcək.
Leave a comment