Üç il öncə mən birinci kursun ortalarında olanda Orxan Abdulkərimlinin analoji yazısı ilə qarşılaşdım və baxmayaraq ki, mən həmin yazı ilə bir qədər gec tanış olmuşdum, lakin mənim hüquqa olan baxışımda əhəmiyyətli dərəcədə dəyişikliklərə gətirib çıxarmışdı. Mən də BDU Hüquqa yeni qəbul olanlara (hətta düşünürəm ki, ikinci kurslar da faydalana bilərlər) kiçik tövsiyələrimi bu yazı ilə çatdıracağam.
1. Hər şeydən əvvəl fakültədə 3 tip tələbə ilə rastlaşacaqsınız – hüquqla arası qəti şəkildə olmayan (adətən çayxanalar və ya bufetlərdə olurlar), qiymət üçün oxuyanlar və qiyməti bir kənara qoyub öz üzərində çalışanlar. Çalışın sonunculardan olasınız.
2. Digər tərəfdən müxtəlif tip müəllimlərlə qarşılaşacaqsınız. Dərsə yanaşma baxımından 3 tip müəllim müşahidə edəcəksiniz – mühazirəni sözün əsl mənasında “yola verənlər”, mühazirədə az da olsa, nəsə öyrədənlər, mühazirədə nələrsə öyrətmək üçün can qoyanlar. Sonuncu müəllimlərin sayı barmaqla sayıla biləcək qədərdir. Tələbəyə yanaşma baxımından da 3 tip müəllim rastınıza çıxacaq – tələbədə hüquq düşüncəsi olmadığını “varsayıb” az biliyi ilə göstəriş edən, tələbəyə ancaq cavab verdiyi dərsə görə qiymət verən və tələbəni gənc hüquqşünas kimi nəzərdən keçirən. Araşdırma baxımından da 4 tip müəllimlə qarşılaşacaqsınız – ingilis dili bilməyib ancaq öncəki rus müəlliflərinin qeydə aldıqlarını yeni bir şeymiş kimi öyrədən, ingilis dili biliyi çox zəif olduğu halda sahəsinin peşəkarı olan, ingilis dili biliyi çox yaxşı olduğu halda bir qədər dar savada malik olan və son olaraq həm ingilis dil biliyi güclü olub, həm də öz sahəsini peşəkar səviyyədə tədris edən.
3. İlk kursda keçəcəyiniz fənlər içərisində qeyri-ixtisas fənlərinin çoxluğu sizi təngə gətirəcək, lakin nəzərə alın ki, əsas araşdırılmalı fənlər hələ qabaqdadır. Kiçik bir məsləhət: ilk semestr fənlərinin dərsliklərini yuxarı kurslardan maraqlanıb əldə edin. Satın almaq yaxşı opsiyon deyil.
4. Dərsləri qiymət üçün deyil, özünüz üçün oxuyun. Ortalama bal bir həddə qədər sizə gərəklidir, lakin özünüz üçün oxuyaraq, araşdıraraq da bu balı əldə edəcəksiniz.
5. Əzbərləməyin, başa düşün. Milli hüquq dərsliklərinin əksəriyyətinin məzmunu bir o qədər də qənaətbəxş deyidir və dilləri çox qəlizdir, ki bu da müəlliflərin bir növ öz “mükəmməlliyətçiliklərini” nümayiş etdirmək aruzusundan irəli gəlir. Əzbərləməklə yaxşı qiymət ala bilərsiniz, lakin bu sizin hüquqi analiz qabiliyyətinizi zamanla sıfıra endirəcəkdir. Oxuyub başa düşmədiyiniz halda müəllimlərə, yuxarı kurslara, hüquq bloglarına, xarici ədəbiyyatlara və s. müraciət edin, qoyulan məsələnin həllini analoji mənbələrdə tapmağa çalışın.
6. Hüquqi analiz qabiliyyətinizi inkişaf etdirin. Şiddətlə sizə tövsiyə edərdim ki, əksər xarici hüquq fakültələrinin ilk ilinin tədris proqramında olan Legal Ethics, Legal Analyze, Legal Research və s. kimi analoji fənlərlə bağlı kitabları elə ilk kursda tapıb oxuyasınız. Məsələn, Elizabeth Mertz: The Language of Law School, Frederick Schauer: Thinking Like a Lawyer, Ward Farnsworth: A Toolkit for the Legal Analyst və digər kitablar sözügedən kitablar sırasındadır. Kitabları online olaraq əldə edə bilməsəniz, məmnuniyyətlə sizinlə bölüşərəm.
7. Hüquq ədəbiyyatı qismində çalışın, xarici ədəbiyyatlardan faydalanasınız. Çünki əksər milli hüquq kitabları öz üzərində işləyən bir tələbənin tələbatını ödəmir (bu barədə daha ətraflı bir öncəki yazıma nəzər yetirə bilərsiniz). Tədris olunan mövzunu xarici ədəbiyyatlarla, qanunvericiliklərlə, mümkünsə, hətta case-law ilə əlaqəli araşdırasınız.
8. Mütəmadi olaraq hüquqi tədbirlərdə iştirak edin. Lakin (!) qeyri-hüquq təşkilatları və eləcə də, öz işini qeyri-peşəkarlıqla aparan hüquq təşkilatlarının, birliklərinin fəaliyyətindən qaçının. Mənim özüm ilk kursun ortalarından etibarən BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin layihələrində iştirak edirdim və sizi əmin edə bilərəm ki, hüquq düşüncənizin müsbətə doğru formalaşmasında ən mükəmməl variant məhz, fikrimcə, budur.
9. Mooting, discussing bacarıqlarınızı təkmilləşdirməyə çalışın zamanla. Məsələn, hər həftənin şənbə günü BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi Hüquq Müzakirə Forumları bunun üçün mükəmməl üsuldur.
10. Dil öyrənin. Başda ingilis dili olmaqla hüquqi araşdırma edə biləcəyiniz dilləri zamanla öyrənməyə çalışın. Sizin gələcək kariyeranızda da bu faydalı olacaqdır.
11. Öz üzərinizdə daima işləyin. Youtubedan hüquq kanallarına abunə olun, müzakirələri izləyin, hüquq bloglarını izləyin, xarici hüquq jurnalları, eləcə də Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalında çap olunan məqalələri oxuyun. Onlayn kurslardan yararlanın, hansı ki, Edx, Coursera, FutureLearn və s. sizə çox faydalı olacaqdır.
12. Microsoft Office proqramlarını, əgər mümkün olarsa, bir sıra digər proqramları (Adobe Products və s.) öyrənin. Çünki gələcəkdə öz işinizdə bu cür proqramlar sizin daima yardımınıza yetişəcəkdir.
13. Akademik background “qurmağa” başlayın. Bu, gələcəkdə xarici universitetlərə müraciət edərkən, təlimlərə qatılarkən və s. hallarda əsas tələb kimi çıxış edəcəkdir.
14. Kariyeranızı hər zaman hədəflərinizin ən yüksək pilləsində saxlayın. Bunun nə demək olduğunu ikinci kursun sonlarına doğru daha yaxşı anlayacaqsınız. Zamanla təcrübə keçmək üçün yaranmış fürsətləri dəyərləndirməklə də gələcək kariyeranız üçün töhfə vermiş olarsınız. Eləcə də, gələcəkdə xaricdə təhsil almaq da bu hədəfləriniz sırasında olsun.
15. Nəzəriyyədə öyrəndikləriniz ilə reallığı müqayisə etməyi bacarın. Ölkənin qabaqcıl hüquqşünaslarının sosial şəbəkələrdə yeniliklərlə bağlı yazılarına nəzər salmaq da münasib vasitə ola bilər. Eləcə də, yeni qəbul olunan, yaxud da olunmaqda olan normativ aktlar barəsində daima məlumat əldə etməyə çalışın.
16. Bir müddət sonra artıq içinizdə “dərin bir ehtiras” hiss etdiyiniz hüquq sahəsinə fokuslanmağa çalışın. Yəni digər hüquq sahələrinə həftədə 7 saat ayıranda, fokuslandığınız sahəyə həftədə 10 saat ayırın, ki bu da sizi gələcəkdə ixtisasınızın peşəkarı edəcəkdir.
17. Çox bilin, çox araşdırın, amma az və dəqiq danışın. Xüsusilə də, bəzən elə olacaq ki, dərsdə mövzunu mükəmməl araşdırıb öyrəndiyinizə baxmayaraq cavab vermək istəyiniz olmayacaqdır. Digər tərəfdən hər hansı hüquq sahəsinin predmetini, metodunu, funksiyalarını öyrənib həmin hüquq sahəsinin “mütəxəssisi” kimi təəssürat yaratmayın. Bu cür hallarla həddindən çox, xüsusilə də seminar dərslərində qarşılaşacaqsınız. Çox sevimli bir müəllimimin dediyi kimi: “Əgər bir zalda hər kəs danışır, bir nəfər susursa, o susmağı bacaran şəxs məhz hüquqşünas olmalıdır.”
18. Niyə? sualını verməyi bacarın. Ən adisindən bir kitabı oxumağa başladığınız zaman niyə bunu etdiyinizi sorğulayın öz-özünüzə. Yaxşı bir hüquqşünas kimi inkişaf etməyin yolu məhz “niyə”lərdən keçir.
19. Hüquqi düşüncənizin formalaşmasında bir çox filmlərin və US/UK seriallarının rolu böyük olacaq. Hələ birinci kursdan Suits, Boston Legal, Sherlock və digərlərini izləyin. Maraq üçün filmlərdən The Judge, Devil’s Advocate, Killing the Mockingbird və s.-larına da nəzər yetirə bilərsiniz.
20. Heç bir zaman tənbəllik etməyin. Mənim neçə tanıdığım insanlar ilk kurslarda tənbəllik etdiklərinə görə indi peşmançılıq çəkirlər.
Bunlar sadəcə mənim sizə kiçik adlandıra biləcəyim tövsiyələrimdir. Sözsüz ki, özünüz hər zaman ən aktiv oyunçu olaraq qalacaqsınız. Orxan Abdulkərimlinin də dediyi kimi, universitet hüquqşünas hazırlamır, o, sadəcə zəmin yaradır, geri qalan hər şey sizin əlinizdədir. Dərslərə, müəllimlərə arxalanaraq davam etsəniz, uğurlu ola bilməyəcəksiniz, çünki loru dillə desək, universitet sizə “hüququn” sadəcə “h”-sını öyrədir, geri qalan hərfləri siz tamamlayırsınız və bu, demək olar ki, bütün dünyada belədir.
Sonda isə bir məqamı qeyd edim. Yuxarıda şiddətlə əzbərləməməyi, başa düşməyin vacibliyini qeyd etmişəm. Əzbərləməklə qrupda yuxarılarda ola bilərsiniz, amma hüquq həyatında çox aşağılarda olacaqsınız. Ya da “Suits”- də Harvey və Scottie arasında keçən kiçik bir dialoqda qeyd edildiyi kimi:
Scottie: We went to Harvard Law together. Harvey was the fifth in the class, and I was … . Oh I forgot, which was it?
Harvey: The one married to the library? 😀
Scottie: That’s right, number one!
Harvey: Number one at studying.
Tərcümə:
Scottie: Biz Harvard Hüquqda birlikdə oxumuşuq. Harvey sinifdə beşinci idi və mən … . A, unutdum, hansı idim?
Harvey: Kitabxana ilə evli olan 😀
Scottie: Bu doğrudur, birinci!
Harvey: Sadəcə dərs oxumaqda birinci.
Leave a comment