The Lawyer's Notes: a Law Blog by Kanan Madatli

Notes from a corporate lawyer

Hüquq kitabları hüquq tələbəsini qane etmirsə?

Budəfəki yazımda bir qədər tənqidi mövqedən çıxış edərək öz dilimizdə yazılmış hüquq kitablarının orta statistik bir hüquq tələbəsinin tələbatını ödəyib-ödəmədiyindən bəhs edəcəyəm. Ümumiyyətlə, mən bu mövzuya həddindən artıq radikal yanaşıram, hətta məcburiyyət olmadıqca öz dilimizdə yazılmış hüquq kitablarını oxumuram. Ola bilər, mən həddindən artıq radikal mövqe tutmuş olum, lakin, zənnimcə, radikal mövqe qeyd etdiklərimin doğruluğunu şübhə altına salmır.

Milli hüquqda kitablar niyə tələbatı ödəmir?

Əksər kitabların köhnəlmiş olması, yenilənməməsi. Milli hüquqda mövcud olan bir çox kitab 10-15 il əvvələ aid qanunvericiliyə mütənasib olaraq yazıldığından indiki dövrün tələblərini heç cür ödəmir. İstər nəzəri, istərsə də praktiki cəhətdən, demək olar ki, bütün hüquq sahələrində son illərdə kifayət qədər dəyişikliklər olub ki (və olmaqda davam edir), bunlar da bu cür kitabları bir növ “yararsız” edir.

Yeni yanaşma, ideyalardan qaçınılması. Milli hüquqda yazılmış kitabların böyük bir qismində qoyulan problemlər ya əvvəllər qoyulmuş (xüsusilə də rus hüquqşünas-alimləri tərəfindən), yaxud da tərcümə olunaraq saxlanılan problemlərdir. Halbuki akademik hüquqi yazının başlıca tələblərindən biri iddia-bəyanatın müəyyən tələblərinin gözlənilməsidir. Burada isə daha maraqlı bir məsələ də ortaya çıxır: Milli hüquqda yazılmış kitablar akademik hüquqi yazının tələblərinə cavab verirmi? 

Əksər kitablarda hüququn yalnızca sovet/rus hüququ ilə müqayisə olunması. Məsələnin ən cansıxıcı tərəflərindən biri də məhz buradadır. Mən adətən əldə edə bildikcə Cambridge University Press-dən hüquq kitabları oxuyanda ən çox yararlana bildiyim amillərdən biri məhz əksər kitablarda qoyulan problemin müxtəlif case-lərlə, habelə müxtəlif qanunvericiliklərə münasibətinin öz əksini tapmasıdır. Təəssüf ki, bizim kitablarda case-lərlə əhatə bir kənara, heç bir digər dövlətin qanunvericiliyinə yaxın durulmur. Sözsüz ki, burada sovet/rus hüququ istisnadır ki, bu da aydındır. Məsələnin maraqlı tərəfi ordadır ki, rus hüququnda da kifayət qədər müasir problemlər olduğu halda, müqayisə “köhnəlmişlərlə” aparılır.

Araşdırma qıtlığı. Milli hüquqda mövcud olan bir çox kitaba nəzər salarkən araşdırmanın ya kifayət qədər geniş aparılmadığının, ya da etibarsız mənbələr əsasında aparıldığının şahidi olarsınız. Araşdırma niyə daha geniş aparılmır? Birincisi, bu, xeyli vaxt və əzm tələb edir. İkincisi, bu, araşdırma bacarığı, dil biliyi tələb edir. Daha sonra, günlərlə yuxusuz gecə, sözün əsl mənasında fədakarlıq tələb edir ki, bunların əksəri bizlərdə əksikdir. Digər tərəfdən istinad qaydalarına əməl etməmək, nə endnote kimi endnote, nə də footnote kimi footnote verə bilməmək, etibarsız mənbələrə istinad edərək araşdırma aparmaq da kifayət qədər böyük problemlərdir. Digər tərəfdən bəzi kitablarda istinadlar ötən əsrin əvvəllərində yazılmış kitablara/məqalələrə verilir. Şübhəsiz, burada bir problem yoxdur, bir çox məsələnin ətraflı araşdırılmasında sırf həmin dövrün mənbələri mühüm rol oynayır. Lakin bütün kitabı ötən əsrin əvvəllərinə aid mənbələrə əsaslanaraq yazmaq bir qədər qəribədir. Bəzənsə elə hallar olur ki, sırf istinad xətrinə istinad verilir. Yəni kitab yazılır, sonra “Google+müvafiq hüquq sahəsi reference list+search” və nəticə etibarilə “araşdırılma aparılmış” olur.

Tərcümə keyfiyyətsizliyi. Milli hüquqda olan bəzi kitablar isə rus hüquqşünas-alimlərin kitablarının tərcüməsidir ki, bunlarda da tərcümə xətaları hədsiz dərəcədə çoxdur. Ən sadə misal kimi, demək olar, hər kəsin rastlaşdığı Lazarevin “Ümumi hüquq və dövlət nəzəriyyəsi” kitabının tərcüməsi bunun bariz nümunəsidir.

Fiziki və texniki keyfiyyətsizlik. Bir çox kitablarda sıx qarşılaşdığımız problemlərdən biri də kitabların fiziki cəhətdən keyfiyyətsiz olması – vərəqlərin tökülməsi, yazıların oxunula bilməməsi, solğun rənglər və s. kimi elementlər nisbətən də olsa, sözügedən məsələyə təsir edir. Sözsüz ki, burada bütün məsuliyyət nəşriyyatın üzərinə düşür və bir çox hallarda da bu kimi amillər pirat kitablarda öz əksini tapır. Qeyd edim ki, hər nə qədər bir çoxlarının razılaşmadığı məsələ olsa da, hüquq kitablarının dizayn və texniki cəhətdən də keyfiyyətli olması onun tələbatına təsir göstərən amillərdəndir.

Qiymətlərin çox baha olması. Danılmaz həqiqətdir ki, bütün dünyada hüquq kitabları və dərslikləri xeyli bahadır. Analoji vəziyyət bizim ölkədə də mövcuddur. Şübhəsiz ki, qiymətin müəyyən olunmasında nəşriyyatın mövqeyi daha qabarıqdır, nəinki müəllif(lər)in.

Nə etmək olar? 

Kitabların sifarişi. Yuxarıda qeyd etdiyim kimi hüquq kitabları/dərslikləri bütün dünyada bahadır və sifariş də nisbətən bahalı bir prosesdir, hələ ki, elektron ticarətin də vergiyə cəlb olunmasından sonra. Alternativ variant kimi heç olmazdan Türkiyədən və yaxud həvəsiniz varsa, Rusiyadan son dövrlərdə araşdırılmış məsələlərə dair yazılmış kitabları sifariş verə bilərsiniz ki, bunlar nisbətən ucuz başa gəlir.

Online axtarış. Mənim hazırda ən çox istifadə etdiyim variant budur. Bir çox saytlardan müxtəlif kitabları .pdf, .epub, .docx və s. formatlarda əldə edə bilərsiniz. Libgen.io, b-ok.org tipli saytlar yeni başlayanların köməyinə çata bilər. Daha da geniş araşdırma aparmaq istəyənlərə əlavələr də tövsiyə edə bilərəm.

Tap və çap et. Yuxarıda qeyd etdiyim kimi kitabları online olaraq əldə edib çap edərək oxuya bilərsiniz. Elektron faylları normal kitab formasında çap etmək üçün UniCopy kitab çapı mərkəzi, kitabcapi.az kimi yerlər çox əlverişlidir.

Dediyim kimi bu, mənim bir qədər də radikal mövqe tutmağımdan irəli gəlir. Yazının başlanğıcına nəzər yetirsəniz altını xətləyərək yazının əksər kitablara aid olduğunu qeyd etmişəm. Çünki milli hüquqda az da olsa, keyfiyyətli kitablar mövcuddur, hansılar ki, sizə müvafiq hüquq sahəsi üzrə yardımçı olurlar. Lakin bu cür kitabların sayı çox azdır. Ümid edirəm, yaxın gələcəkdə yazılacaq kitablar/dərsliklər üçün bu amillər az da olsa nəzərə alınar. Kitabların isə sizi qane etməməsi sizin hüququ sevməyiniz və öyrənməyiniz üçün əngəl, ya da bəhanə deyil.

Leave a comment

Navİqasiya

Haqqında

The Lawyer’s Notes Kənan Mədətli tərəfindən hüququn müxtəlif sahələrinə, o cümlədən korporativ hüquq, M&A, müqavilələr hüququ və digər sahələrə, həmçinin hüquq təhsili, hüquq düşüncəsi, müqayisəli hüquq, hüquq praktikası və əlaqəli digər məsələlərə dair Azərbaycan və ingilis dillərində yazılan yazıları əks etdirir.