The Lawyer's Notes: a Law Blog by Kanan Madatli

Notes from a corporate lawyer

Hüquqi savadlılıq?

Bugün səhər radələrində maraqlı bir video-sorğu ilə qarşılaşdım: Sürücülərdən ağ fonda və göy fonda “Bakı” yazılmış işarələrin fərqi soruşulurdu və 90% sürücü ikisi arasındakı fərqi bilmək bir kənara qalsın, onların yol hərəkəti ilə bağlı olduqlarını belə düşünmürdülər. Sözügedən sürücülər hər gün yollarda nəqliyyat vasitələrini idarə edirlər və müvafiq olaraq imtahan verdikləri qanunu bilmirlər.

Bir müddət sonra isə başqa bir postla – park yerlərindən istifadə zamanı vətəndaşların müəyyən müddət ərzində park yerlərindən pulsuz istifadə hüququnun olduğunu əks etdirən postla rastlaşdım. Postda dəfələrlə vurğulanırdı ki, vətəndaşlar öz hüquqlarını bilmirlər və buna görə də artıq pul ödəyirlər.

Yuxarıda qeyd etdiyim nümunələrdən biri qanunu bilməmək, digəri isə hüququ bilməmək anlayışını ehtiva edir. Qanunu bilməməyin nəticələri situasiyadan və bir çox subyektiv meyarlardan asılı olaraq dəyişə bilər. Öz hüquqlarını bilməməyin nəticəsi isə, loru dildə desək, nəyinsə itkisiylə müşayiət olunur. Əslində qanunu bilməmək məsələsini ətraflı şəkildə bu postda yazmağı çox istərdim, lakin post həddindən artıq uzun olacaq deyə, bu yazıda sadəcə hüquqlarla bağlı, növbəti yazıda isə qanunu bilməməkdən bəhs edəcəyəm.

Öz hüquqlarını bilmək vətəndaşın, daha da geniş kontekstdə fiziki şəxsin borcudurmu? Nəzəriyyədə kifayət qədər ziddiyyətli məqamlarla müşahidə olunan bu məsələdə, əsasən, ikifikirlilik hökm sürür: bir qisim nəzəriyyəçilər bunu borc kimi nəzərdən keçirməsə də, ikinci qisim nəzəriyyəçilər birmənalı şəkildə bunun fiziki şəxsin borcu olduğunu qeyd edilər. Araşdırdığım və eləcə də, öz müşahidələrimdən gəldiyim nəticə bunun vətəndaşların borcu olduğunu qeyd etməyə əsas verir.

Nə üçün fiziki şəxs öz hüquqlarını bilməlidir? Rudolf von Jhering bir məqaləsində qeyd edir ki, Roma hüququnun adını belə eşitməmiş bir ingilis hüquqşünası ilə həmin sahəni tədqiq edən hüquqşünas-alim arasında fərq kifayət qədərdir və sözügedən fərq həm də həmin xalqların hüquq düşüncəsi və hüquqi savadlılığında (bu terminlə bağlı fikirlərimi növbəti abzasda qeyd edəcəyəm) da özünü büruzə verir. Analoji qayda ingilis hüquq sistemli ölkələrlə kontinental hüquq sistemli ölkələrin əhaliləri arasında da mövcuddur. Aparılan araşdırmalar sübut edir ki, ingilis hüquq sisteminin mövcud olduğu dövlətlərin əhalisi hüquqi cəhətdən daha çox savadlıdırlar. Ki bu da öz təsirini açıq-aşkar səviyyədə göstərir. Bu gün acı bir həqiqət olsa da, ölkə əhalisinin böyük bir qismi hüquqi cəhətdən savadlı deyillər. Xüsusilə kəndlərdə, rayonlarda yaşayan bir çox əhali hələ də adət, mentalitet və digər mənəvi vasitələrin təsiri ilə öz hüquqlarının pozulduqlarından xəbərsizdirlər. Nikaha məcbur edilmə, notarial özbaşınalıq, süründürməçilik, prosessual müddətlər, dələduzluq və bu kimi neçə-neçə amillər bu cür pozulmalar sırasındadır. Məsələnin normativ bazasına keçmək fikrim yoxdur, lakin ən adi halda 1948-ci il Bəyannaməsi, 1950-ci il Konvensiyası, eləcə də, ölkə Konstitusiyasına nəzər salmaq kifayətdir ki, əsas hüquq və azadlıqlardan xəbərdar olasan. Digər tərəfdən isə bəzən hüquqlarını bilən birisi prosessual hərəkətləri etməkdən ya çəkinir, ya da etməkdə çətinlik çəkir. Bir çox hallarda prosessual şikayət müddətini buraxır, dövlət rüsumunu ödəyə bilmir, nümayəndə barəsində çətinlik çəkir və bəzənsə ən acısı, mentalitet səbəbiylə (bu barədə də növbəti postlardan birində bəhs edəcəyəm) sözügedən hərəkətləri etməkdən çəkinir.

Hüquqi savadlılıq? Əslində bu terminin hər nə dərəcədə yerində işlənib-işlənilmədiyi barəsində bir az tərəddüdlərim var, lakin hər halda məqbul hesab etmək olar. Hüquqi savadlılıq şəxsin realizə edilə biləcək səviyyədə öz hüquqlarını bilməsidir. Bir çox hallarda hüquqi tərbiyə terminindən istifadə olunsa da, kontinental hüquq sistemini tədqiq edən əksər hüquqşünas-alimlər bunu daha çox hüququn tərbiyəedici funksiyası kimi nəzərdən keçirirlər. Öz hüquqlarını bilməklə hüququ bilmək arasında kifayət qədər fərq mövcuddur. Öz hüquqlarını bilmək orta statistik fiziki şəxs üçün nəzərdə tutulan bir məfhum olsa da, hüququ bilmək bir çox hallarda ilkiylə bərabər hüquqşünasa şamil olunan məfhumdur. Digər tərəfdən Rudolf von Jhering yuxarıda qeyd etdiyim məqaləsində vurğulayır ki, hüququ bilmək onu əzbərləməklə ölçülmür, tətbiqi mexanizmini və şəraitini görə bilməyən bir hüquqşünasın “bildiyi” hüquq “əzbərlənmiş” hüquqdur.

Nə etməli? İşin maraqlı hissəsi buradan başlanır. Nə etmək və niyə etmək lazımdır? Hər şeydən əvvəl qeyd etməliyəm ki, bir çox hüquq fakültələrində, xüsusilə ingilis hüquq sistemli ölkələrin universitetlərində tədris olunan Hüquqi Etika, hətta bəzilərində müstəqil olaraq tədris olunan Hüquqi Tərbiyə kurslarında məhz bu məsələyə kifayət qədər toxunulur. Bizdə bəzi hüquq fakültələrində Hüquqi Etika dərsləri tədris olunsa da, bir qədər məhdud çərçivədə bu məsələyə toxunulur, ya da heç toxunulmur və digər tərəfdən sözü gedən fənn əsas fənn kimi tədris olunmur. Çox acı da olsa, qeyd etməliyəm ki, hazırda hüquq oxuyub öz hüquqlarını bilməyən insanlar var ki, bu da ən dəhşətli məqamlardan biridir. Başqa bir məsələ əhalinin qeyri-hüquq təbəqəsi ilə bağlıdır. Vaxtaşırı maarifləndirici tədbirlər təşkil etmək, bölgələrə səfər edib bir neçə gün təlimlər, seminarlar təşkil etmək, hər kəsin əlinin çata biləcəyi jurnallar, qəzetlər çap etmək, məqalələr yazmaq, videoçarxlar hazırlamaq işin digər mühüm hissələrindən biridir ki, hal-hazırda ölkə ərazisində bununla məşğul olan az da olsa, təşkilatlar, fiziki şəxslər, könüllü qruplar mövcuddur. Digər tərəfdən ingilis hüquq sistemində geniş yayılan pro-bono işlərin analoji variantını tətbiq etmək də bu cür tədbirlər içərisindədir. Bu tədbirlərin sayını xeyli artırmaq olar, əsas məsələ düzgün tətbiqdədir.

Qeyd edim ki, bugün kifayət qədər insan məhkəmə qaydasında, inzibati qaydada öz pozulmuş hüquqlarını bərpa edib, yaxud etməkdədir. Ən adisindən nəqliyyat vasitəsi barəsində tərtib olunmuş protokolun inzibati qaydada ləğvindən müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsinə qədər əksər məsələlərdə öz hüquqlarınızı müdafiə edə bilərsiniz, etməlisiniz. Ölkədə bunun üçün kifayət qədər qurum, təşkilat mövcuddur.

Bu yazını yazmağımda əsas məqsədlərdən biri də növbəti aylar üçün hazırlaşdığımız bir layihənin əsas bazasını məhz bu məsələnin təşkil etməsidir. Son vaxtlar geniş yayılan “insan hüquqları nağıldır” fikrinin əslində özü bir nağıldır. Unutmayın ki, hüquqlarınızın pozulmasının qarşısını almaq çox kiçik bir addımdır. Əsl böyük addım öz hüquqlarınızı bilməyinizdir.

Leave a comment

Navİqasiya

Haqqında

The Lawyer’s Notes Kənan Mədətli tərəfindən hüququn müxtəlif sahələrinə, o cümlədən korporativ hüquq, M&A, müqavilələr hüququ və digər sahələrə, həmçinin hüquq təhsili, hüquq düşüncəsi, müqayisəli hüquq, hüquq praktikası və əlaqəli digər məsələlərə dair Azərbaycan və ingilis dillərində yazılan yazıları əks etdirir.