The Lawyer's Notes: a Law Blog by Kanan Madatli

Notes from a corporate lawyer

Milli hüquqda hüquqi məlumat bazasının yaradılması nə dərəcədə əhəmiyyətlidir?

Budəfəki yazımda sizlərə hüquqi məlumat bazalarından bəhs edəcəyəm. Qeyd edim ki, hüquqi məlumat bazası ingilis dilindən məlum olan legal database anlayışının dilimizdəki müvafiq məntiqi ekvivalentidir. Ümumiyyətlə, hüquqi məlumat bazalarının əsasında araşdırma dayanır. Məhz hazırda mövcud olan hüquqi məlumat bazalarının böyük bir qismi də araşdırmanın asanlaşdırılması məqsədilə formalaşdırılmışdır.

Hüquqi məlumat bazaları niyə əhəmiyyətlidir? Müxtəlif ölkələrdə hüquqi məlumat bazalarından fərqli məqsədələr üçün istifadə olunsa da, bütün hüquqi məlumat bazalarını yuxarıda qeyd etdiyim kimi araşdırma anlayışı birləşdirir. Hüquqi məlumat bazalarında bir qayda olaraq hüquq jurnalı məqalələri (bəzi məlumat bazalarında jurnallar bütünlüklə, bəzilərində isə məqalələr ayrı-ayrılıqda yerləşdirilir), məhkəmə qərarları (daha dəqiq desək, məhkəmə presedentləri), qanunvericilik aktları, hüquq kitabları, qəzetlər, ayrı-ayrı informativ məlumatlar və s. yerləşdirilir. Məlumatların bu cür yerləşdirilməsi istər praktiki, istərsə də elmi-tədqiqat fəaliyyətində mühüm rol oynayır. Belə ki, hər hansı hüquqi məsələ ilə bağlı məqalələrin olub-olmamasını, analoji işlər üzrə məhkəmə presedentlərinin olub-olmamasını, kitabların siyahısını məhz hüquqi məlumat bazaları sayəsində əldə etmək mümkündür.

Hüquqi məlumat bazalarından istifadə. Hər bir hüquqi məlumat bazası müəyyən alqoritmə əsaslanır. Müvafiq olaraq hüquqi məlumat bazasında fayllar müxtəlif meyarlar əsasında qruplaşdırılır: tarix, hüquq sahəsi, faylın növü, düzəlişlərin edilmə sayı, məhkəmə işlərinin baxılma sayları, müddətləri, qanunvericilik aktlarının qüvvədə olma müddətləri, jurnalların coğrafi region və ya ölkə üzrə qruplaşdırılması, müəlliflərə əsasən. Bu cür qruplaşdırma hüquqi məlumat bazalarında axtarış edərkən lazımi faylı tapmaqda asanlıq yaradır. Axtarış panelində də axtarışın asanlaşdırılma vasitələri kimi məhz bu meyarlar çıxış edir. Qeyd edim ki, əksər hüquqi məlumat bazaları ödənişli əsaslıdır və onlardan istifadə müvafiq qaydada ödənişin ödənilməsi ilə həyata keçirilir. Bir çox hallarda hüquq məktəbləri (ekvivalenti = hüquq fakültələri), dövlət orqanları, məhkəmələr, hüquq şirkətləri müxtəlif hüquqi məlumat bazaları ilə müqavilə əsasında istifadə edirlər. Müqavilə əsasında istifadə ödənişin ödənilməsi və müvafiq istifadəçiyə şifrə və ya analoji PIN Kodun verilməsini nəzərdə tutur. Bu cür kod əsasında müvafiq istifadəçi (hüquq məktəbi, dövlət orqanı, məhkəmə, hüquq şirkəti) öz tələbələri/işçiləri üçün törəmə şifrələr müəyyən edə və ya başqa formada giriş vasitəsi ilə təmin edə bilərlər. Bu zaman hüquqi məlumat bazasına giriş edərkən girişin növü də nəzərə alına bilər (məsələn, HeinOnline hüquqi məlumat bazasının sign in bölməsində bu cür fərqlənmə öz əksini tapıb) Ödənişli hüquqi məlumat bazalarından istifadə ayrı hal nəzərdə tutulmayıbsa, kifayət qədər bahadır. Digər tərəfdən bir çox hüquqi məlumat bazalarından birdəfəlik istifadə (trial subscription) də mümkündür.

Azərbaycanda hüquqi məlumat bazalarından istifadə. Dünyada məşhur hüquqi məlumat bazaları sırasında HeinOnline, WestLaw, LexisNexis, Kluwer Arbitration, Emerald Online və digərlərini misal göstərmək mümkündür. Hüquqi məlumat bazalarından yuxarıda qeyd etdiyimiz müqavilə qaydasında istifadə Azərbaycanda çox azsayda ali təhsil müəssisəsi (misalçün, ADA, Qafqaz və s. azsaylı hüquqi məlumat bazalarına məhdud giriş imkanları vardır) və şirkətlər tərəfindən həyata keçirilir. Digər tərəfdən, Azərbaycanda milli hüquqi məlumat bazası hazırda yoxdur. Demək olar ki, bütün hüquqşünaslara məlum olan e-qanun.az bir növ hüquqi məlumat bazası təsiri bağışlasa da, daha çox elektron qanunvericilik bazası rolunu oynayır. Sözsüz ki, e-qanun.az hazırda Azərbaycanda ən çox istifadə edilən və yeganə qanunverilik bazasıdır.

Milli hüququn bazalaşdırılmasının çətinliyi nədədir? İlk öncə hüquqi məlumat bazalarından istifadə əksər ölkələrdə ona olan tələbatın zəruriliyindən meydana gəlir. Bu tələbat özünü müxtəlif formalarda göstərə bilər: məhkəmələrdə istifadə, hökumət səviyyəsində istifadə, akademik qaydada istifadə və s. Digər tərəfdən milli hüquqi məlumat bazasının yaradılması kifayət qədər xərc tələb edən bir prosesdir. Sözsüz ki, milli hüquqi məlumat bazası yaratmaq sırf hüquqi biliklərlə mümkün deyildir, öz növbəsində informasiya texnologiya bilikləri də tələb edir. Digər tərəfdən ödəniş məsələləri, məlumatların və faylların operativ qaydada yerləşdirilməsi kifayət qədər zəhmət tələb edən prosesdir.

Milli hüquqi məlumat bazasının yaradılması nə dərəcədə əhəmiyyətlidir? Sualın çoxsaylı cavabı mövcuddur. Hər şeydən əvvəl hüquqi məlumat bazasının mövcudluğu aparılan araşdırmanı daha sürətli, daha operativ edir. Məsələn, müəyyən mövzuda müvafiq olaraq qanun, Nazirlər Kabinetini qərarı və həmin qanunu şərh edən Konstitusiya Məhkəməsinin qərarı mövcuddursa, bunları ayrı-ayrılıqda əldə etmək, sözsüz ki, nisbətən uzun prosesdir. Vahid hüquqi məlumat bazasının mövcudluğu bu prosesi xeyli qısaldır. Digər tərəfdən hazırda Azərbaycan Respublikası məhkəmə sisteminə daxil olan bütün məhkəmələrin qərarlarını əldə etmək qeyri-mümkündür. Özümün etdiyi araşdırmalarda da çox az sayıda məhkəmə qərarı tapmaq mümkün olub. Bu cür milli məhkəmə presedentlərinin vahid bazada toplanması da mühüm əhəmiyyət kəsb edə bilər. Həmçinin hüquqi doktrinal mətnlərin, məqalələrin də bu cür bazada yığılması mühüm rol oynaya bilər.

Yuxarıda qeyd etdiyim ödənişli hüquqi məlumat bazalarında istifadənin beynəlxalq səviyyədə nisbətən müəlliflik hüququnun pozulması ilə müşahidə olunan üsulu mövcuddur. Bu barədə ətraflı qeyd etməməyi üstün tuturam, lakin daha geniş məlumat əldə etmək istəyənlər, son zamanlar (22 İyun, 2017) ABŞ-da Elsevier məlumat bazasının müəlliflik hüququnun pozulması ilə əlaqədar 15 milyon dollar tələb etdiyi mübahisəyə keçid edə bilərlər.

Eyni zamanda hüquqi məlumat bazaların haqqında Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının blogundakı bu yazıdan da faydalana bilərsiniz.

Leave a comment

Navİqasiya

Haqqında

The Lawyer’s Notes Kənan Mədətli tərəfindən hüququn müxtəlif sahələrinə, o cümlədən korporativ hüquq, M&A, müqavilələr hüququ və digər sahələrə, həmçinin hüquq təhsili, hüquq düşüncəsi, müqayisəli hüquq, hüquq praktikası və əlaqəli digər məsələlərə dair Azərbaycan və ingilis dillərində yazılan yazıları əks etdirir.