Yazıya başlamazdan öncə qeyd edim ki, hüquqşünas deyərkən eyni zamanda hüquq tələbələrini də nəzərdə tuturam.
Ümumiyyətlə, bir çox hallarda biz konfranslarda, təlimlərdə deyəndə ki, “Hüquqşünas Ms Word-də yaxşı işləməyi bacarmalıdır”, çox adam ya “Nə əlaqə?” deyə reaksiya verir, bir çox hallarda isə “Əşi, onsuzda yaza bilirəm, nəyimə lazım” tipli cavablarla yola verirlər. Halbuki məsələ kənardan göründüyü qədər də sadə və heç də yolaverməlik deyil.
Hüquqşünas üçün Microsoft Office Word nə üçün vacibdir?
Müxtəlif aspektlərdə nəzərdən keçirdikdə fərqli cavablar tapmaq mümkündür: iş, təhsil, araşdırma və s. Hüquqşünasın həm təhsil, həm də iş həyatının hər addımında Ms Word ilə üzləşməsi qaçınılmazdır. Hüquq jurnalına məqalə yazarkən, tezisi tamamlayarkən, rəsmi məktub hazırlayarkən, müqavilələrin hazırlanması zamanı, hesabatların, ərizələrin və s. hazırlanması zamanı və bir çox bu cür hallarda hüquqşünas özünün Ms Word bacarıqlarını ortaya qoya bilməlidir.
Sıx-sıx rastlanan elementar səhvlər?
Öz təcrübəmdə bir çox hallarda hazırlanan sənədlərdə xırda və elementar səhvlərə (bu səhvlər çox olduqda bunların qeyri-peşəkar tərəfindən hazırlanması ilə bağlı şübhələr də olur) rast gəldiyim olur ki, bu səhvlərin bəzilərini göstərməklə sizləri deskriptiv şərhlərə çox da aparmayacağam.
- “.” simvolundan əvvəl və ya sonra yanlış boşluqların buraxılma(ma)sı: Yanlış variant: Mən tələbəyəm . və ya Mən tələbəyəm.Sən tələbəsən. Düzgün variant: Mən tələbəyəm. Sən tələbəsən.
- Analoji hallar vergül (,), dırnaqlar (“), qoşa nöqtə (:) və digər durğu işarələrinə də aiddir. Bir qayda olaraq bu tip durğu işarələrindən əvvəl boşluq buraxılmır. Müvafiq olaraq boşluq durğu işarəsi qoyulduqdan sonra buraxılır.
- “TAB” əvəzinə “Space” (пробел) düymələrindən istifadə edərək abzas qoyulması. Bir çox hallarda draft olunmuş yazının başqası tərəfindən edit olunması zamanı problemlər yaradır. Loru dillə desək, “Space” düyməsini 5-6 dəfə vuraraq abzas yaratmağa ehtiyac yoxdur, “TAB” düyməsinə bir dəfə toxunmaq sizi xilas edəcəkdir.
- CTRL+L (sola yönləndirmə), CTRL+E (ortalama) və “CTRL+R” funksiyalarının düzgün istifadə edilməməsi də ciddi yol verilən səhvlərdəndir.
- Justify etmək (“CTRL+J). Justify olunmamış yazı heç də peşəkar şəkildə qurulmuş hesab olunmur.
- Başlıqlardan səhv istifadə edilməsi (aşağıda izah edəcəyəm) də səhvlər sırasındadır.
- Hərf səhvləri və digər səhvlər.
Microsoft Office Word-də yazınızı daha cəld və peşəkar bir şəkildə formalaşdırmaq üçün bəzi key pointlər:
- Şriftlər (Fonts, Шрифты) və Stillərdən (Style, Стили) düzgün istifadə edin. Style dediyimiz hissə sizə müvafiq başlıqlarla (heading, заголовок) işləmək və bu da öz növbəsində sizin yazınızı daha mükəmməl etmək imkanı yaradır.

- Mündəricatdan (Table of Contents, Оглавление) düzgün istifadə etməyi də bilmək lazımdır. Qeyd edim ki, bunun üçün yuxarıda qeyd etdiyim headinglərdən düzgün istifadə etmək zəruridir.

- İnterval (spacing, интервал), kənarlıqlar (indent, отступ) və səhifə parametrləri (page layout, разметка страницы) ilə düzgün işləyin. Yanlış parametrlərlə hazırlanmış fayl çapda və digər əməliyyatlarda sizə və digərlərinə problemlər yaşadacaq.

- İstinadlar (references; ссылки) ilə də düzgün işləmək tövsiyə olunur. Xüsusilə də məqalələr yazarkən istinadlar mühüm əhəmiyyət kəsb edir.
- Track changes? (Исправления?) Bir hüquqşünası ən çox qarşılaşdığı məsələlərdən biri də məhz budur. Xüsusilə də, müqavilələrin hazırlanması və düzəlişlər edilməsi zamanı (mən ən çox bu zaman istifadə edirdim) track changes köməyə çatır.

- Qısayolları bilin. Məsələn, justification üçün CTRL+J, ortalama üçün CTRL+E, bold yazmaq üçün CTRL+B və s. Tam siyahı üçün buraya baxa bilərsiniz. Qeyd edim ki, heç də hamısını bilməyə ehtiyac oxdur, ən çox istifadə olunanları bilmək kifayətdir.
- Və ən vacibi – save etmək. Əliniz daima CTRL+S üzərində və ya ekranın sol yuxarı küncündə yerləşən disket işarəsinin üzərində olsun. Faylı hər edit etdiyiniz zaman müəyyən hissələrdən sonra save etməyi unutmayın (mən adətən hər 4-5 cümlədən bir edirəm). Ani bir problem olduğu halda, faylınızı da qoruyub saxlamaq lazımdır.
Bunlarla bərabər dizayn, table of authorities, insert və digər əməliyyatları da bilməkdə fayda var. Çünki hüquqşünas öz yazısı ilə işini bir çox halda müəyyən edir və yanlış tərtib edilmiş və səhvlərlə dolu bir yazı onun qeyri-peşəkarlığını göstərir. Mən işlədiyim zaman səhvlərin çox olduğu müqavilələrdə (məsələn, nöqtədən əvvəl boşluq, justify edilməməsi və s.) kontragentə qeyri-peşəkar kimi yanaşırdım. Bu qeyri-ixtiyari belə olurdu və sizə tövsiyəm, çalışın, Microsoft Office Word-də düzgün işləməyi öyrənin ki, o cür təəssürat yaratmayasınız.
Həvəsi olanlar varsa, onlara Lisa A. Bucki-nin “Word 2013 Bible” kitabı köməyinizə gələ bilər. Mən özüm oxumamışam kitabı, sadəcə oxuyanlarda müsbət təssürat yaradıb. Lakin ən yaxşı vasitə YouTube-dur, rahat və sadə.
Leave a comment