Ümumiyyətlə, moot courting haqqında yazmağa başlamamışdan öncə qeyd edim ki, bu yazı həm iştirakçı, həm də təşkilatçı kimi şəxsi təcrübələrimi əks etdirir və ölkə ərazisində mövcud məhkəmə müsabiqələrində iştirak edən komandalara müəyyən qədər yardımçı olar deyə düşünürəm.
Adətən əksər məhkəmə müsabiqələrinin şifahi çəkişmələr mərhələsi zamanı məhkəmə zalında hakimlər, iddiaçı tərəf (applicant və ya appelant), cavabdeh tərəf (respondent) və katiblər (bailiffs) olur. Müvafiq olaraq məhkəmə zalı iki katiblə təmin olunur: katiblərdən biri müsabiqə iştirakçılarına, digəri isə hakimlərə qalmış vaxtı üzərində əks olunduğu vərəqlərlə göstərirlər.
Şifahi çəkişmənin başlanılması. İşin texniki tərəfini bir kənara qoyub çəkişmənin özünə keçək. Çəkişmə katibin açılış nitqi ilə başlayır. Daha sonra hakim iddiaçı tərəfin birinci oralistini çıxışa dəvət edir. İddiaçı tərəfin birinci oralistinin öz çıxışına aşağıdakı strukturda (ən azından buna bənzər) başlaması tövsiyə olunandır:
“Cənab/xanım sədr, hörmətli hakimlər. Mənim adım Filankəsov Filankəs və həmkarım Bəhmanyarov Bəhmanyar ilə bu günkü çəkişmədə İddiaçı tərəfi təmsil edəcəyik. Mən növbəti X dəqiqə ərzində məhkəməyə aşağıdakı tələblər (öz tələblərini sadalayır) və həmkarım Y dəqiqə ərzində məhkəməyə aşağıdakı tələbləri (həmkarının tələbini qeyd edir) təqdim edəcəkdir. Vaxtımızın Z dəqiqəsini təkzib üçün ayıracağıq.”
Öz şəxsi təcrübəmdən deyə bilərəm ki, çıxışa bu cür başlanılması hakimlər tərəfindən də rəğbətlə qarşılanır. Birinci oralist öz çıxışını bitirdikdən sonra ikinci oralist də yuxarıda qeyd etdiyim müvafiq strukturda *yalnızca özünə aid olan hissəni qeyd etməklə çıxışına başlayır.
Hər iki oralist öz çıxışını aşağıdakı formada bitirə bilər:
“Hörmətli hakimlər, əgər hər hansı əlavə sual yoxdursa, bununla mənim çıxışım başa çatır.”
İddiaçılar öz çıxışını başa çatdırdıqdan sonra məhkəmə Cavabdeh tərəfin ilk öncə birinci oralistini, daha sonra isə ikinci oralistini çıxış üçün dəvət edir və cavabdeh tərəfin müvafiq olaraq birinci və ikinci oralisti də çıxışlarına yuxarıda qeyd olunan kimi başlayır və qeyd olunan strukturda da başa çatdırırlar.
Təkzib və əks-təkzib. Şifahi çəkişmələrdə təkzib və əks-təkzib tərəflərin hüquqlarıdır və qeyd edim ki, əgər tərəflər çəkişmə başlamazdan əvvəl katibin onlara təqdim etdiyi vaxta nəzarət cədvəlində təkzib və ya əks-təkzib üçün vaxt ayırmayıblarsa, bu hüquqdan birbaşa olaraq məhrum olurlar. Təkzibin mahiyyəti ondan ibarətdir ki, iddiaçı tərəf cavabdeh tərəfin çıxışında razılaşmadığı məqamları və yaxud əks-arqument gətirə biləcəkləri məqamları qeyd edir və struktur təxminən aşağıdakı kimi olur:
“Hörmətli hakimlər, təkzib üçün X əsas (burada X müəyyən saydır) məqamı qeyd etmək istərdik: (məqamları sadalayır).”
Əks-təkzibin mahiyyəti isə ondan ibarətdir ki, cavabdeh tərəf iddiaçı tərəfin təkzib zamanı qeyd etdiklərini təkzib edir, yəni bir növ “təkzibin təkzibi” kimi. Əks-təkzibin də strukturu yuxarıda qeyd olunan formada olur. Təkzib və əks-təkzib üçün hər bir məhkəmə müsabiqəsinin müəyyən etdiyi maksimum müddət fərqli olur: məsələn, Topçubaşov Məhkəmə Müsabiqəsində bu, maksimum 5 dəqiqədir. Eyni zamanda qeyd edək ki, təkzib və ya əks-təkzib üçün maksimum az müddət rezerv etmək tövsiyə olunandır və bu zaman bacardığınız qədər az, lakin güclü məqamları qeyd edin. Ümumiyyətlə, təkzib və əks-təkzib zamanı komandalar birbaşa olaraq məhkəmə zalında improvizasiya etdikləri üçün müvafiq hərəkətlər uğurlu alındığı zaman hakimlər tərəfindən yüksək qiymətləndirilir.
Və gələk işin bir digər tərəfinə. Aşağıda hüquqi arqumentasiya və gözəl natiqlik qabiliyyətindən əlavə hər iki tərəfin oralistlərinə şamil olunan və əməl edilməsi tövsiyə olunan halları qeyd etmək istərdim:
- Başlamaq üçün hakimin icazəsini gözləmək. Hakim sizi kürsüyə dəvət edən kimi dərhal çıxışınıza başlamayın. Qısa bir müddət buraxmaqla (təxminən 5-7 saniyə) çıxışınıza başlaya bilərsiniz.
- Tələsməmək. Heç vaxt çəkişmə zamanı tələsməyin. Vaxtınızın az qaldığını düşünür və yaxud artıq görürsünüzsə və çatdırılmalı olan arqumentləriniz bir qədər çoxdursa, oradaca onların sayını azaldaraq ən güclülərini saxlayın. Nəzərə alın ki, vaxt bölgüsü məhkəmə müsabiqələrində mühüm əhəmiyyət kəsb edir.
- Hakimlərlə göz təması. Çıxış zamanı hakimlərlə göz təmasına diqqət edin. Hətta hakimlər sizə baxmasa belə birbaşa olaraq göz təmasını qoruyun.
- Kürsü arxasında duruş və davranış. Kürsü, yaxud tribuna arxasında çıxış edərkən sabit dayanmağa çalışın. Əllərinizin kürsünün üzərində olmasına və yalnız müəyyən jestlərdən istifadə edən zaman ayrıldığına fikir verin.
- Komanda yoldaşı ilə əlaqə. Birbaşa olaraq oturan halda olan eyni tərəflər arasında ünsiyyət yalnız yazılı şəkildə aparılmalıdır. Danışan komanda üzvləri müsbət qarşılanmır.
- Vaxt bölgüsünü düzgün etmək. Katiblər sizin nə qədər vaxtınızın qaldığını daima şifahi çəkişmə boyunca sizə və hakimlərə göstərirlər. Çalışın çıxışınızı düzgün bölün.
- Suallar. Hakimlərin sualları sizin çıxış üçün ayırdığınız müddətə daxildir və hakimlər istədikləri vaxt və istədikləri barədə sizə suallar ünvanlaya bilərlər.
- Suallara cavab vermək. Suallara cavab verərkən təmkinli olun və maksimum cavabı qısa cümlələrlə ifadə etməyə çalışın. Nəzərə alın ki, vaxt sizin əleyhinizə çıxış edir. Ümumiyyətlə, hakimlərin verdiyi suallara diqqət edin. Adətən hakimlər iki halda sual verirlər: 1. Ya sizin çıxışınız yaxşı və əhatəlidir və hakimlər daha dərinə getmək istəyirlər; 2. Ya da siz tamamilə yanlış yoldasınız və hakimlər öz sualları ilə sizi bir növ “marşruta” qaytarmağa çalışırlar.
- Geyim. Oralistlər birbaşa olaraq geyimlərinə fikir verməlidirlər. Bir qayda olaraq rəsmi formalı geyim tələb olunur.
- Çəkişmələrə gecikməmək. Bütün çəkişmələrə ən azı 15 dəqiqə tez gəlməyiniz tövsiyə olunur.
- Emosiya və jestlərdən istifadə. Emosiya və jestikuliyasiyadan yerində istifadə edin. Artıq və lüzumsuz hərəkətlər müsbət qarşılanmır.
- Elektron cihazlardan istifadə etməmək. Bütün çəkişmələr boyunca iştirakçıların elektron cihazlardan istifadə etməsi qəti qadağandır.
- Hakimin sözünü kəsməmək. Hakimlərin sözlərini kəsməyin. Sualı sona qədər dinlədikdən sonra cavab verməyə çalışın.
- Sualı bilməmək. Əgər hakimin verdiyi sualı bilmirsinizsə, sizə tövsiyə edə biləcəyim iki alternativ var: a. Əgər düşünürsünüzsə, verilən sual sizin araşdırma sferanıza daxil deyil və həmkarınız, yəni ikinci oralist bu suala 100% cavab verə biləcək, bu zaman “Hörmətli hakim, bu sualı həmkarım daha ətraflı izah edəcəkdir” tipli birləşmə ilə cavab verirsiniz; b. Sualı bilmədiyinizi qəbul edin. Ümumiyyətlə, sual sizin (özünüzün və həmkarınızın) heç araşdırmadığı yerdən ünvanlanırsa, bu zaman “Hörmətli hakim, təəssüf ki, bu suala cavab verə bilməyəcəyəm” və ya buna bənzər bir birləşmə ilə cavablaya bilərsiniz. Çünki donub qalmaq sizdə müəyyən vaxt itkisinə səbəb olacaq və bu, mənfi təsir bağışlayır.
- Katibin “STOP” işarəsinə əməl etmək. Katib “STOP” işarəsini göstərdiyi anda oralist öz çıxışını dayandırmalıdır (bu zaman hakimin sualına cavab verməkdə olsa belə). Və dərhal hakim davam etmək üçün müvafiq icazəni və ya razılığı verərsə, oralist öz çıxışına davam edə bilər.
- Birbaşa cavab vermək. Loru dillə desək, sualları “fırlamayın”. Sualın cavabının hüquqi bazasının olmadığını düşünürsünüzsə, bəzi hallarda işin faktları ilə “oynaya” bilərsiniz.
- Əzbərləməmək və sərbəst olmaq. Çıxışınızı vergülünə qədər əzbərləmək heç də xoş təəssürat yaratmır. Qeyd edək ki, çıxışınız zaman özünüzlə istədiyiniz qədər vərəq götürə bilərsiniz (daha ətraflı 18-ci müddəaya bax) və ara-sıra vərəqə baxmaq heç də mənfi təəssürat yaratmır, əksinə xoş təəssürat yarada bilər. Eyni zamanda hakimlərin qarşısında universitet dərslərində seminarda çıxış edərmiş kimi çıxış etmək də mənfi sayıla biləcək hallara aiddir. QEYD: Bütün çıxışı, yaxud çıxışın yarıdan çoxunu vərəqdən oxumaq nəzərdə tutulmur.
- Çıxışa materiallarla çıxmaq. Çıxışınız zamanı qeydlərinizin və araşdırmalarınızın əks olunduğu müəyyən vərəqlər və ya fayllarla kürsüyə çıxa bilərsiniz. Sizə tövsiyəm, faylları qabaqcadan bir qovluqda cəmləmək və lazımi yerləri işarələmək (rəngli sticker və marker penlərdən istifadə edin) daha yaxşı olardı. Qarışıqlıq yaranması sizi də çaşbaş sala bilər.
- Hakimlərə sual verməyin. Siz suallara cavab vermək üçün oradasınız, sual vermək üçün deyil.
- Gərginliyinizi və həyəcanınızı bildirməyin.
Bütün bunlar özümün şəxsi təcrübələri və qatıldığım təlimlərdən öyrəndiklərimin, eləcə də mooting haqqında oxuduqlarımın ümumiləşmiş formasıdır. Ümid edirəm bu və ya digər məhkəmə müsabiqəsində iştirak edəcək komandalar üçün yazdıqlarım faydalı olar.
Leave a comment