The Lawyer's Notes: a Law Blog by Kanan Madatli

Notes from a corporate lawyer

Repo (repurchase) müqavilələri – Yenidən satın alma müqavilələri

Repo müqaviləsi?

“Repo” sözü ingilis dilindəki “repurchase” sözündən olub, hərfi tərcümədə mənası “yenidən satın almaq” kimi tərcümə olunur. Əksər hallarda repo müqavilələri öz başlanğıclarını götürdükləri sözün özü ilə – “repurchase agreements” olaraq da adlandırılır. Əsasən qərb hüquq ədəbiyyatında və ingilis-amerikan hüquq sistemində sıx rast gəlinən bir müqavilə növü olan repo müqavilələri Azərbaycan Respublikası qanunvericiliyində öz əksini tapmasa da, etdiyim kiçik araşdırmanın  nəticəsi olaraq praktikada az da olsa, bu müqavilə növünə rast gəlindiyinin şahidi oldum.

Repo müqaviləsi nədir? Repo müqaviləsi bazar iştirakçıları tərəfindən qiymətli kağızları satmaq yolu ilə bağlanan və uzun yaxud qısa müddətli maliyyə problemlərini aradan qaldırmaq məqsədi daşıyan bir müqavilə növüdür. Gördüyümüz kimi repo müqaviləsində əsas amillərdən biri məhz qiymətli kağızların yenidən alınmaq məqsədi ilə satılmasıdır. Qiymətli kağızların (qərb ədəbiyyatında “securities”, sözügedən predmet bank və ya onun əmlakı ilə bağlı olduqda “banking securities”) anlayışı Azərbaycan Respublikası qüvvədə olan Mülki Məcəlləsinin 987.1-ci maddəsində qeyd olunmuşdur. Sözügedən maddəyə əsasən, qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Ümumiyyətlə, qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi əsas etibarilə məhz Azərbaycan Respublikası Mülki Məcəlləsindən və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli qanunundan ibarətdir.

Repo müqaviləsi adətən iki əsas mərhələdən ibarət olur: Birinci mərhələ qiymətli kağızların maddi qarşılıq əsasında (adətən bu qarşılıq nağd pul formasında özünü göstərir) satıcı tərəfindən alıcıya verilməsi, ikinci mərhələ isə həmin qiymətli kağızların yenidən geri alınması ilə səciyyələnir.

Repo müqaviləsinin subyektləri. Repo müqaviləsinin subyektləri qismində alıcı və satıcı çıxış edir. Alıcı və satıcının xüsusiyyətləri ilə qərb hüquq ədəbiyyatında bir qədər ziddiyətli yanaşmalar mövcuddur. Məsələn, qərb ədəbiyyatında daha çox “lender” və “borrower” terminlərindən geniş istifadə olunsa da, türk hüquq ədəbiyyatında alıcı və satıcı terminlərinə üstünlük verilir. Repo müqaviləsində bir çox hallarda tərəflər qismində banklar, kredit təşkilatları və sərmayəçilər (investors) çıxış edirlər. Əksər ölkələrdə, xüsusilə maliyyə böhranı və inflyasiyaya məruz qalan ölkələrdə ticari fəaliyyətlə məşğul olan insanlar da repo müqaviləsindən istifadə etməkdədirlər.

Repo müqaviləsinin xüsusiyyətləri. Repo müqaviləsi hüquqi cəhətdən ikitərəfli və əvəzli xarakter daşıyan müqavilə hesab olunur. Sözügedən müqavilənin ikitərəfli olması tərəflərin hər ikisinin hüquq və vəzifələrində özünü daha aydın büruzə verir. Repo müqaviləsi əvəzli müqavilədir, belə ki, tərəflərdən birinin qiymətli kağızları verməsinə qarşılıq, digər tərəfin müəyyən əvəz (əsasən nağd pul) ödəməsi əsas götürülür. Repo müqaviləsi məzmun etibarilə konsensual müqavilə növlərinə aid edilir.

Repo müqaviləsində subyektlərin hüquq və vəzifələri. Repo müqaviləsində alıcının əsas vəzifələri sırasında tələb olunan haqqı ödəmək və qiymətli kağızları saxlamaq çıxış edir. Satıcının əsas vəzifəsi isə müqavilədə göstərilmiş müddət başa çatdıqda qiymətli kağızları geri *satın almaq və tələb olunan məbləği ödəməkdir. Adətən geri satın almaq üçün müəyyən olunan məbləğ ilkin məbləğdən 10-30% aralığında artımla fərqlənir, lakin bu, sözsüz ki, subyektlərin iradəsinə əsaslanır.

Repo müqaviləsinin növləri. Repo müqaviləsi müxtəlif növlərə malikdir. Bu növlərin hər biri üçün repo müqaviləsinin ümumi qaydaları ilə bərabər, hər bir növün özünəməxsus cəhətləri də xarakterik hesab olunur. Repo müqaviləsinin aşağıdakı növlərini fərqləndirmək lazımdır:

  • Düzünə repo – Hər hansı qiymətli kağızın müəyyən bir müddətdən sonra və razılaşdırılmış məbləğə geri satın alınması öhdəliyi ilə bağlanılan bir repo müqaviləsidir.
  • Tərs repo (reverse repo agreement) – adından da göründüyü kimi, hər hansı qiymətli kağızı satın alaraq gələcəkdə həmin qiymətli kağızı müəyyən olunmuş məbləğə qarşı tərəfə yenidən satmaq öhdəliyi ilə bağlanılan bir repo müqaviləsidir.
  • Gecəlik repo – gecə vaxtı maliyyə, bank, kredit və s. tipli əməliyyatların aparıla bildiyi (7/24 xidmət) ölkələrdə, əsasən, bağlanılan bir repo müqaviləsidir. Bu tip repo müqaviləsi sadəcə 24 saat müddətinə, daha dəqiq desək, 1 gecəlik müddətə bağlanılır. Gecəlik repo müqaviləsində əsas cəhətlərdən biri əksər hallarda bu müqavilənin həftənin iş günlər çərçivəsində bağlanılmasıdır.
  • Müddətli repo – Repo müqaviləsinin bu növü müəyyən müddətə qədər (valid date) bağlanan bir müqavilədir. Adətən müddətli repo müqaviləsini tərəflər 3-5 il müddətinə bağlamağa üstünlük verirlər.
  • Müddətsiz repo (open repo) – Repo müqaviləsinin bu növü isə qeyri-müəyyən müddətə bağlanır və tərəflərin qarşılıqlı razılığına əsasən bu müqaviləyə istənilən vaxt son verilə bilər. Sözügedən repo müqaviləsi bitərəfli qaydada bir sıra müstəsna halları çıxmaqla (tərəflərdən biri şəxsin yaxın qohumları barəsində cinayət törətdikdə, öhdəlikləri lazımınca icra etmədikdə və s.) qarşı tərəfi qabaqcadan xəbərdar etməklə müqaviləyə xitam verə bilər.

Qeyd etdiyim növlərdən başqa repo müqaviləsinin delivery repo (bu cür repo müqaviləsində müqavilənin predmetinin satıcı tərəfindən alıcıya və ya onun müəyyən etdiyi nümayəndəyə təslim edilməsi, yaxud çatdırılması), hold-in-custody repo (delivery repo müqaviləsinin bir növ əksi kimi çıxış edir və bu zaman müvafiq tərəf müqavilənin predmetini öz nəzarəti altında, məsələn bir bank hesabında və s. saxlayır), tri-party repo (bu cür repo müqaviləsində məsul bank (custodian bank), yaxud hər hansı beynəlxalq klirinq təşkilatı tərəflər arasında vasitəçi kimi çıxış edir. Custodian bank qismində bir sıra hüquqi şəxslər, məsələn, Avropada Clearstream Luxembourg, Euroclear, Bank of New York Mellon, JP Morgan və SIS, Amerika Birləşmiş Ştatlarında isə Bank of New York Mellon and JP Morgan çıxış edir), qarşılıqsız repo və digər növləri də fərqləndirilir.

Azərbaycan Respublikası qanunvericiliyində (qanunvericilik sözü burada nisbi xarakter daşıyır, çünki repo müqavilələrini bizim qanunvericilikdə tənzim edən konkret norma yoxdur) repo müqavilələri bir qədər mübahisəli məsələ kimi xarakterizə olunur. Adətən bir çox hallarda tərəflərin qarşılıqlı razılığı əsasında repo müqaviləsi bağlanıldığı halda belə, bu cür müqavilə girov yaxud borc müqaviləsini pərdələyən yalan əqd kimi xarakterizə olunur ki, bu da kifayət qədər problemli məsələdir. Qərb dünyasında repo müqavilələrinin hələ orta əsrlərdən bəri (XII – XIII əsrlərdə İtaliya, Florensiyada bank, kredit əməliyyatlarının həyata keçirilməsində repo müavilələrindən istifadə olunurdu) istifadə olunduğu vaxtda, əksər post-sovet ölkələrində repo müqaviləsi, demək olar ki, tətbiq olunmur.
Ümid edirəm ki, repo müqavilələri barəsində az da olsa, məlumat verə bildim. Əksər mənbələr xarici dillərdə olduğuna görə bəzi yanlışlıqlar olması mümkündür.
Bəzi repo müqavilələrinə aşağıdakı linlərdən baxa bilərsiniz:
Ədəbiyyat:
  1. James J. Croke, Thomas C. Mitchell and Lorraine S. McGowen: Rights of Repo Participant Preserved, Pratt’s Journal of Bankruptcy Law, 4/343, 2008
  2. http://www.investopedia.com/terms/r/repurchaseagreement.asp
  3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 2015

Leave a comment

Navİqasiya

Haqqında

The Lawyer’s Notes Kənan Mədətli tərəfindən hüququn müxtəlif sahələrinə, o cümlədən korporativ hüquq, M&A, müqavilələr hüququ və digər sahələrə, həmçinin hüquq təhsili, hüquq düşüncəsi, müqayisəli hüquq, hüquq praktikası və əlaqəli digər məsələlərə dair Azərbaycan və ingilis dillərində yazılan yazıları əks etdirir.